CƏMİYYƏT
Dövlət Komitəsində almaniyalı professorla görüş keçirilib
Bakı, 25 mart, AZƏRTAC
Azərbaycanda səfərdə olan Bohum Universitetinin Sülhün Tədqiqi və Beynəlxalq Humanitar Hüquq İnstitutunun beynəlxalq hüquq üzrə professoru Hans Yoahim Hainz Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb.
Komitədən AZƏRTAC-a bildiriblər ki, qonağı salamlayan Dövlət Komitəsinin sədri qurumun fəaliyyəti, diasporun təşkilatlanması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında rolu barədə ətraflı məlumat verib. Qeyd edib ki, Avropada Azərbaycanla bağlı həqiqətləri dilə gətirə bilən tədqiqatçılarından biri olan professorun fəaliyyəti torpaqlarımızın Ermənistan tərəfindən işğalı ilə bağlı alman cəmiyyətinin məlumatlandırılmasında mühüm rol oynayıb.
Səmimi görüşə görə təşəkkürünü bildirən Hans Yoahim Hainz Azərbaycana tədqiqat səfərinə gəldiyini söyləyib. Deyib ki, o, işğalın nəticələri və postmüharibə dövrünün çağırışları ilə bağlı tədqiqatlar aparır. Regionda vəziyyətlə bağlı apardığı tədqiqatlardan söz açan qonaq qeyd edib ki, beynəlxalq ictimaiyyətin münaqişələr və müharibələr ilə bağlı məlumatlandırılmasında müstəqil araşdırmaların böyük əhəmiyyəti var.
Qeyd edək ki, Hans Yoahim Hainz, eyni zamanda, Almaniya Xarici İşlər Nazirliyi nəzdində Alman Diplomatik Akademiyasının məruzəçisidir. O, Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı monoqrafiyanı 2016-cı ildə alman dilində, BMT-nin 1993-cü ildə qəbul etdiyi qətnamələrə dair hüquqi rəyi isə 2020-ci ildə ingilis dilində nəşr etdirib.