CƏMİYYƏT
Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzi dünya ölkələri üçün yaxşı nümunədir VİDEO
AZƏRTAC-ın əməkdaşları Bakının Kürdəxanı qəsəbəsində yerləşən Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində yaradılan şəraitlə tanış olublar
Bakı, 28 fevral, AZƏRTAC
Azərbaycandakı sabitlik, tolerantlıq və multikultural mühit əcnəbilərin ölkəmizə daha çox səfər etməsini şərtləndirən əsas amillərdir. Respublikamızda miqrasiya ilə bağlı qanunvericilik kifayət qədər sadələşdirilib. Elektron vizanın tətbiqindən sonra ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sayında artım müşahidə olunur. Bununla yanaşı, Şərq ölkələrindən, Asiyadan gələn, gəlişinin bəyan edilmiş məqsədini pozan, qanunsuz miqrasiyaya zəmin yaradan hallarla bağlı son zamanlar bir neçə qeyri-qanuni miqrasiya kanalı aşkarlanıb. Bu cinayət əməllərinə Hindistan, Pakistan və digər ölkələrin vətəndaşları cəlb olunur, öz ölkələrində aldadılaraq yüksək məvacibli işlə təmin edilmək adı ilə Azərbaycana gətirilirlər. Qeyri-qanuni miqrasiyanı təşkil edən mütəşəkkil qruplar isə aşkarlanaraq məsuliyyətə cəlb edilirlər. Bu əməllərin qurbanı olan əcnəbilər isə Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılması mərkəzlərində yerləşdirilirlər. Burada qaçqın statusu alaraq, ölkəmizdə yaşamaq və işləmək üçün gözləyənlər də var. Dövlətimiz belə əcnəbilərin statusları müəyyənləşənədək onlara Xidmətin saxlama mərkəzində yüksək səviyyədə şərait yaradır. Beynəlxalq standartlara uyğun olaraq yerləşdirilənlərin hüquqlarının və azadlıqlarının qorunmasında zəruri tədbirlər həyata keçirilir, onlara diqqət və qayğı ilə yanaşılır.
Miqrantların saxlanılması mərkəzləri Bakıda və Yevlaxda fəaliyyət göstərir.
AZƏRTAC-ın əməkdaşları Bakının Kürdəxanı qəsəbəsində yerləşən Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində əcnəbilər üçün yaradılan şəraitlə tanış olublar.
2012-ci ildə fəaliyyətə başlayan Mərkəz eyni vaxtda 120 nəfəri saxlamaq üçün nəzərdə tutulub. Mərkəzdə qeyri-qanuni miqrantlar, qaçqın statusu ilə bağlı müraciət edən əcnəbilər və sığınacaq axtaranlar yerləşdirilir. Qanunvericiliyin tələblərini pozan miqrantlar barədə verilən qərardan asılı olaraq, onlar burada müvəqqəti olaraq bir neçə gün saxlanıldıqdan sonra ölkədən çıxarılırlar. Qaçqın statusu almaq istəyənlər müraciətlərinə baxılmasından asılı olaraq, mərkəzdə üç ay müddətində qala bilərlər. Əgər onlara qaçqın statusu verilərsə, imkanları olmadığı halda daha üç ay mərkəzdə qalmalarına kömək göstərilir. Həmin əcnəbilər mərkəzə könüllü qaydada yerləşdirilir. Qanunda qaçqın statusu ilə bağlı müraciət edənlərin Mərkəzdə qaldıqları müddətdə və müraciətlərinə baxıldığı dövrdə müvəqqəti olaraq işləmələrinə icazə verilir.
Miqrantlar mərkəzdə dövlət hesabına saxlanılırlar. Burada onların ən zəruri tələbatlarını ödəmək üçün hər cür şərait var. Ailəlilər üçün xüsusi bölmə yaradılıb.
Mərkəzlə tanışlığa tibb məntəqəsindən başladıq. Saxlama mərkəzində yerləşdirilənlərin burada ilkin olaraq tibbi müayinəsi aparılır. Xəstəlik aşkarlanan miqrantlarla bağlı müvafiq tədbirlər görülür. Mərkəzdə miqrantların və uşaqlarının bütün sosial və geyim ehtiyaclarının əvəzsiz olaraq təmin edilmələri üçün xüsusi ləvazimat, geyim otağı da diqqətimizi çəkdi.
Saxlama mərkəzində miqrantların yanına gələnlər üçün ayrıca görüş otağı da var.
Yataqxanada hər birində altıya qədər çarpayı, paltar dolabı olan otaqlarda yaşamaq üçün bütün lazımi şərait mövcuddur. Bundan başqa, əlillər üçün ayrıca otaq yaradılıb və əlil arabası ilə təchiz edilib.
Dəhlizdəki divarlara miqrantların və qaçqınların hüquq və vəzifələrini əks etdirən müxtəlif dillərdə yazılmış sənədlər və məlumat lövhələri vurulub.
İbadət otağında hər bir insan dini ayinlərini yerinə yetirə bilər. Mərkəzin, həmçinin 35-40 nəfərlik böyük yeməkxanası var. Miqrantlar burada gün ərzində üç dəfə normal qida ilə pulsuz təmin olunurlar.
Mərkəzlə tanış olarkən öyrəndik ki, son günlər qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər nəticəsində saxlanılma mərkəzində yerləşdirilənlərin çoxu Hindistan vətəndaşlarıdır. Azərbaycanda multikultural dəyərlərə böyük önəmin daha bir nümunəsi ilə saxlama mərkəzində yerləşdirilmiş qanunsuz miqrantlara münasibətdə bir daha rastlaşdıq. Belə ki, Hindistan vətəndaşlarının rahatlığının təmin edilməsi hətta onlara öz milli yeməklərini bişirə bilən həmyerlilərinin xörək hazırlaması üçün də şərait yaradılıb.
Mərkəzin bütün əməkdaşları miqrantlara xoş münasibət göstərir və onların qayğısına qalırlar. Bunu mərkəzdə saxlanılanlarla söhbətdə onların dilindən dəfələrlə eşitdik.
Əcnəbilərin mütaliə etməsi üçün yaradılan kitabxanada müxtəlif dillərdə kitablar, jurnallar, qəzetlər var. Bundan əlavə, kitabxanaya miqrantların və sığınacaq axtaran şəxslərin hüquqlarından və vəzifələrindən bəhs edən Azərbaycan, rus, ingilis, ərəb, urdu dillərində məlumat kitabçaları qoyulub. Mərkəzdə bu dilləri mükəmməl bilən əməkdaşlar fəaliyyət göstərir. Bu da mərkəzdə yerləşdirilənlərlə rahat ünsiyyətə imkan verir.
Mərkəzdə, həmçinin miqrantların istirahəti üçün idman meydançası, gəzinti yeri yaradılıb. Burada onlar asudə vaxtlarında futbol və voleybol oynayırlar. Eləcə də miqrantlar otaqlarda şahmat, dama və hətta nərd kimi stolüstü oyunlarla məşğul ola bilirlər.
Saxlama mərkəzini gəzərkən ailələr üçün yaradılmış bölmədə uşaq əyləncə otağı diqqətimizi cəlb etdi. Burada müxtəlif oyuncaqlar, nağıl kitabları gördük. Mərkəzdə qalan yeddi yaşlı Araz adlı oğlan kompüter oyunları ilə məşğul olurdu. Anası ilə burada yerləşdirilmiş milliyyətcə uyğur olan balaca Araz bizimlə söhbətində Mərkəzdən xoşu gəldiyini dedi. O, hətta Çindən olan qohumları ilə telefonda danışdığını da söylədi. Belə ki, Mərkəzdə miqrantların beynəlxalq və yerli təşkilatlarla, istədikləri şəxslərlə əlaqə saxlaması üçün imkan yaradılıb, telefon aparatları qoyulub.
Mərkəzdəki miqrantlardan bəziləri - Hindistan vətəndaşları Acu Kumar, Hossain Abdulla, Burhan Dinkan, Pakistan vətəndaşı Uslan AZƏRTAC-ın əməkdaşları ilə söhbətlərində bildiriblər ki, xarici turizm agentliyində çalışan həmvətənləri onları Azərbaycana turist vizası ilə gətirib, yaxşı iş və maaşla təmin olunacaqlarını vəd edərək aldadıblar. Respublikamıza gəldikdən sonra vəziyyətin deyilən kimi olmadığını, sənədlərinin qaydaya salınmadıqlarını görüb, Azərbaycanda qalmalarının qeyri-qanuni olduğunu anlayıblar. Bundan sonra Dövlət Miqrasiya Xidmətinin əməkdaşları onlara kömək edib və Mərkəzdə yerləşdiriblər. Həmsöhbətlərimiz qeyd ediblər ki, burada saxlanma şəraiti çox yaxşıdır, əməkdaşlar onların qayğısına qalırlar. Qaldıqları yerlər təmiz və səliqəlidir. Xidmət personalı miqrantlara yaxşı münasibət göstərir. Qida təminatı və otaqlarla bağlı heç bir problemləri yoxdur. Miqrantların sənədləri ilə əlaqədar problemlərinin həlli üçün DMX əməkdaşları mümkün köməyi göstərirlər.
Qeyd edək ki, Dövlət Miqrasiya Xidmətinin miqrantlar üçün nəzərdə tutulan mərkəzindəki şəraiti beynəlxalq təşkilatların nümayəndələri də yüksək qiymətləndiriblər. Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Svinq 2015-ci ildə Azərbaycana səfəri zamanı bu mərkəzə də baş çəkib, yaradılan şəraitdən razılığını bildirib. O, burada gördüklərini dünya ölkələri üçün yaxşı nümunə adlandırıb. Doğurdan da, qaçqın statusu alan şəxslər bəzi istisnalar olmaqla, təxminən Azərbaycan vətəndaşları ilə eyni hüquqlara malikdir. Onlar ölkəmizdə işləyə və yaşayış yeri seçə bilərlər.
Son vaxtlar qanunvericilikdə edilən dəyişikliklər nəticəsində qaçqın statusu alanların vətəndaşlıq almaqla bağlı müraciət etmə proseduru da sadələşdirilib. Ölkəmizdə qaçqın statusu alan şəxslər beş ildən sonra vətəndaşlıq almaq üçün müraciət edə bilərlər. Bu prosesdə DMX sənədlərin toplanması və təqdim edilməsində yardım göstərir. Vətəndaşlıq verilib-verilməməsi məsələlərinə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası tərəfindən baxılır. Azərbaycan vətəndaşlığına qəbul olunma və vətəndaşlığın bərpa edilməsi dövlətimizin başçısının müvafiq sərəncamları ilə həyata keçirilir.
DMX-nin təlim-tədris mərkəzində əcnəbilər üçün Azərbaycan dilini, o cümlədən onların hüquq və vəzifələrini öyrənmələri məqsədilə dövlət tərəfindən ödənişsiz kurslar təşkil olunur.
Bununla yanaşı, qeyd edək ki, miqrasiya proseslərinə dövlət nəzarətini həyata keçirən DMX əcnəbilərin haqqı ödənilən əmək fəaliyyətinə yalnız Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş kvota çərçivəsində cəlb edilməsi üçün iş icazələri verir. Bunun üçün əsas şərt işəgötürənin DMX-dən iş icazəsi almasıdır. Miqrasiya Məcəlləsində iş icazəsi alınmadan da haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmağa icazə verən hallar nəzərdə tutulub. Amma əcnəbini qanunsuz olaraq əmək fəaliyyətinə cəlb etməyin cəzası da kifayət qədər ağırdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, işəgötürən tərəfindən Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər üç min manatdan dörd min manatadək, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək, eyni xəta üç və ya daha çox əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində törədildikdə vəzifəli şəxslər beş min manatdan yeddi min manatadək, hüquqi şəxslər otuz min manatdan otuz beş min manatadək məbləğdə cərimə edilirlər.