DÖVLƏT NEFT FONDUNUN SAYTI YENİLƏŞMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (DNF) www.oilfund.az internet ünvanında yerləşən və 2001-ci ildən fəaliyyət göstərən internet səhifəsi yeni dizaynda istifadəçilərin ixtiyarına verilmişdir.
DNF-dən bildirmişlər ki, saytın dizaynının və strukturunun yeniləşməsindən məqsəd informasiya texnologiyalarının imkanlarından istifadə edərək ictimaiyyətin Neft Fondu haqqında daha ətraflı məlumatlanmasına kömək etmək və onun fəaliyyətində şəffaflığın təmin olunması prinsipini qoruyub saxlamaqdır.
Saytın Fond haqqında bölməsində Neft Fondunun tarixi, fəlsəfəsi, qarşısında qoyulan məqsəd və vəzifələr, idarəetmə mexanizmi və strukturu haqqında məlumatlar, maliyyə fəaliyyətində işlənən terminlərin izahlı lüğəti, vakansiyalar haqqında məlumatlar, faydalı linklər, Fondla əlaqə yaratmaq üçün telefon nömrələri və elektron poçtunun ünvanı yerləşdirilmişdir.
Fəaliyyət bölməsi Fondun vəsaitlərinin idarə edilməsi, beynəlxalq münasibətlər, maliyyələşdirdiyi layihələr və kadr siyasəti barədə məlumatları əhatə edir.
Hüquqi sənədlər bölməsində Fondun fəaliyyəti ilə bağlı qanunlar, fərmanlar və sərəncamlar yer almışdır.
Saytdakı hesabat və statistika bölümündə Fondun fəaliyyətinə dair illik hesabatlar, gəlir və xərcləri barədə rüblük məlumatlar, maliyyə fəaliyyətinin beynəlxalq nüfuzlu audit şirkəti tərəfindən audit hesabatları və Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) hesabatlarının cəmləşdiyi hesabat arxivi, Neft Fondunun büdcəsinə dair məlumatlar və son rəqəmlər yerləşdirilmişdir.
Mətbuat guşəsi bölməsində isə Fondun ictimaiyyətlə əlaqələri, informasiya siyasəti, elanlar, icraçı direktorun çıxışları və təqdimatları, Fondun fəaliyyətə başladığı vaxtdan bu günədək onun fəaliyyətinə, eləcə də MHŞT-nin Azərbaycanda tətbiqinə dair informasiya arxivi, Neft Fondu haqqında yerli və xarici mətbuatda dərc edilmiş yazıların elektron variantı, ictimaiyyətin Fondun fəaliyyətinə dair rəy və təklifləri yer almışdır.
Saytda Fonda dair yeni məlumatlar əldə etmək üçün abunə yazılışı da mövcuddur.
Jurnalistlər, eləcə də ictimaiyyət nümayəndələri saytda yerləşdirilmiş sorğu formasını doldurmaqla onları maraqlandıran suallara tez bir zamanda cavab ala biləcəklər.
Saytda xüsusi MHŞT bölməsi də var ki, burada Azərbaycan hökumətinin Şəffaflıq Təşəbbüsünə qoşulduğu vaxtdan bu sahədə göstərdiyi fəaliyyətə və qazandığı uğurlara dair məlumatları, həmçinin Azərbaycan hökumətinin açıqladığı MHŞT üzrə hesabatları və auditor şirkətinin rəylərini və digər faydalı məlumatları oxumaq mümkün olacaqdır.
Saytda eləcə də gündəlik yeniləşən əsas xarici valyutaların məzənnələri, Brent və WTI markalı neftin və qızılın dünya bazarındakı qiyməti də oxucuların məlumatlanması üçün nəzərdə tutulmuşdur.