DÖVLƏT SƏRHƏDLƏRİMİZ ETİBARLI QORUNUR
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanın dövlət sərhədləri yüksək səviyyədə mühafizə olunur. Ötən ay dövlət sərhədini keçmiş və ya keçməyə cəhd göstərən 55 nəfər sərhəd pozucusu saxlanılmışdır. Onların 22-si Gürcüstan, 13-ü Azərbaycan, 7-si İran, 5-i Əfqanıstan, 3-ü Pakistan, hər ölkədən 2 nəfər olmaqla Rusiya, Türkiyə, 1-i Nigeriya vətəndaşıdır.
Vizası olmadığı üçün 129 nəfər, vizasının müddəti qurtardığı üçün 47 nəfər, müvafiq sənədləri olmadığına görə 45 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülmüşdür.
Axtarışda olan 73 nəfər saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilmişdir.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində ay ərzində 3 halda 90 kiloqram 300 qram narkotik maddə götürülmüşdür. Bundan əlavə, 10,2 hektar sahədən ümumi çəkisi 19 ton 456 kiloqram olan 31 min 527 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitki yığılaraq məhv edilmişdir.
Sahil Mühafizəsi Xəzər dənizində sahilboyu rejim qaydalarını yoxlayarkən Azərbaycana məxsus 6 gəmini və 2 qayığı, Rusiya Federasiyasına məxsus 2, Qazaxıstana məxsus 1 gəmini saxlayaraq baxış keçirmişdir. Sərhəd rejim qaydalarını pozduğu üçün 1 qayıqda 2 nəfər Azərbaycan vətəndaşı saxlanılaraq barələrində müvafiq tədbirlər görülmüşdür.
Qaçaqmalçılığa qarşı aparılan mübarizə tədbirləri nəticəsində 64 halda ümumi dəyəri təxminən 372 min 411 manat olan qaçaqmal saxlanılmışdır.
Azərbaycanın dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.