“DÖVLƏTQAÇQINKOM”DA HEYDƏR ƏLİYEV GUŞƏSİ AÇILMIŞDIR
Prezidentin İcra Aparatı ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun, Milli Məclis sədrinin müavini Bahar Muradovanın, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icraçı katibi Əli Əhmədovun, Ermənistan silahlı qüvvələrinin işğalı altında olan rayonların icra hakimiyyətləri başçılarının, həmin bölgələrdən parlamentə seçilmiş deputatların iştirak etdikləri mərasimdə rəmzi qırmızı lent kəsildikdən sonra ümummilli liderin buradakı büstünün önünə əklil qoyulmuşdur.
Mərasim iştirakçıları bütün mənalı ömrünü ölkəmizin tərəqqisinə, xalqımızın rifahının yüksəlməsinə həsr etmiş müdrik dövlət rəhbərinin qaçqınlar və məcburi köçkünlərlə görüşlərini əks etdirən fotostendlərə maraqla baxmışlar. Stendlərdə ulu öndər haqqında yazılmış və nəfis şəkildə çap olunmuş kitablar da nümayiş etdirilir.
Mərasimdə müstəqil Azərbaycanın memarı və qurucusunun rəhbərliyi altında 1993-2003-cü illərdə Qarabağ münaqişəsinin siyasi yolla həlli istiqamətində atılan addımlar, o cümlədən ümummilli liderin müxtəlif dövlətlərin başçıları, nüfuzlu beynəlxalq qurumların rəhbərləri ilə keçirdiyi görüşlər, qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi məqsədi ilə gördüyü genişmiqyaslı işlər haqqında ətraflı məlumat verilmişdir.
Tədbirdə Dövlətqaçqınkomun üç dildə hazırlanmış veb səhifəsinin (www.refugees-idps-committee.gov.az) təqdimatı da keçirilmişdir.
Məlumat verilmişdir ki, dahi rəhbərin qaçqınlar və məcburi köçkünlərlə əlaqədar keçirdiyi görüşlərin videolentləri guşədə saxlanılır. Ümummilli liderin 1999-cu il martın 19-da Biləsuvar rayonu ərazisindəki çadır şəhərciyində iki məcburi köçkünün toy mərasimində iştirakı təsvir olunmuş videosüjet nümayiş etdirilmişdir.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərin suallarına cavab vermişdir.