CƏMİYYƏT
DST-nin Avropa konfransında qeyri-infeksion xəstəliklərlə mübarizə məsələləri müzakirə olunur
Bakı, 9 aprel, AZƏRTAC
Aşqabadda “Vədlərə əməl etmək zamanı - Avropada dayanıqlı inkişaf hədəflərinə nail olmaq üçün qeyri-infeksion xəstəliklərlə mübarizə üzrə məsələləri həll edək” devizi altında Dünya Səhiyyə Təşkilatının (DST) Avropa konfransı öz işinə başlayıb.
AZƏRTAC “Arzuw” saytına istinadla xəbər verir ki, konfransda BMT-nin yüksəksəviyyəli iclasında götürülmüş öhdəliklərin yerinə yetirilməsi, habelə onlara əməl olunmasında ölkələrə yardım göstərilməsi məsələləri müzakirə edilir. DST-nin Avropa regionunda 2016-2025-ci illərdə bu xəstəliklərlə mübarizə sahəsində fəaliyyət Planına uyğun olaraq, psixi sağlamlıq və ətraf mühitin çirklənməsinə xüsusi diqqət yetirilir.
Konfransda bu sahədə artan fəaliyyətsizliyə son qoyulması üçün təxirəsalınmaz tədbirlərin görülməsi də qeyd olunub. İştirakçılar qlobal öhdəliklərin yerinə yetirilməsi üzrə imkanları araşdırır, regionda bərabərsizliyin azaldılması və ölkə səviyyəsində qazanılmış təcrübənin praktikada tətbiqini də müzakirə edirlər. Fəaliyyət Planına qeyri-infeksion xəstəlikləri törədən dörd əsas risk amili- tütündən istifadə, alkoqolun zərərli təsiri, düzgün olmayan qidalanma və fiziki aktivliyin aşağı olması da əlavə olunub.