DST: Qeysəriyyə kəsiyi əməliyyatı çox vaxt tibbi ehtiyac olmadan aparılır YENİLƏNİB
Bakı, 25 yanvar, AZƏRTAC
Yanvarın 25-də Dünya Səhiyyə Təşkilatı (DST) və Respublika Perinatal Mərkəzinin birgə təşkilatçılığı ilə qeysəriyyə kəsiyi əməliyyatının azaldılması üçün səmərəli sistem olan “Robson təsnifatı”nın təqdimatına həsr olunmuş seminar-konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə respublikanın müxtəlif şəhər və rayonlarından olan mama-ginekoloqlar, o cümlədən beynəlxalq mütəxəssislər iştirak ediblər.
DST-nin Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı tədbirin məqsədinin son illər artan qeysəriyyə əməliyyatının müqayisəsi və monitorinqi vasitəsi olan “Robson təsnifatı”nın təqdimatı və bu sistemin səhiyyə müəssisələrində tətbiq üsulları barədə hər kəsi məlumatlandırmaq olduğunu deyib.
H.Harmancı bildirib: “Hesab edirik ki, bu təsnifatın istifadəsi səhiyyə müəssisələrində qeysəriyyə əmsalına təsir göstərən qadın qruplarını müəyyənləşdirməyə və bu qrupların nəticələrini təhlil etməklə səhiyyənin keyfiyyətini qiymətləndirməyə yardım edəcək. Bu sistem, həmçinin toplanmış məlumatların əhəmiyyəti, şərhi və istifadəsi ilə bağlı tibbi heyətin maarifləndirmə səviyyəsini artırmağa öz töhfəsini verəcək.
Qeysəriyyə kəsiyi əməliyyatı dünyada, xüsusilə yüksək və orta gəlirli ölkələrdə artan templə davam edən və ən geniş yayılmış əməliyyat növlərindən biridir. İnsan həyatını xilas etməsinə baxmayaraq, bu əməliyyat çox vaxt tibbi ehtiyac olmadan aparılır. Bu da qadınlar və körpələr üçün qısa və uzunmüddətli sağlamlıq problemlərini yaradır. Ona görə də hər xəstənin qarşılaşdığı vəziyyətə uyğun ehtiyaclarını ödəməyin əhəmiyyətini vurğulayır və yalnız tibbi zərurət yarandıqda bu əməliyyatı tövsiyə edirik”.
Respublika Perinatal Mərkəzinin direktoru, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova qeysəriyyə kəsiyi əməliyyatının tarixindən bəhs edərək deyib: “Hazırda dünyada qeysəriyyə kəsiyi əməliyyatlarının sayı artır. Belə ki, İsveçrədə hər üç uşaqdan biri bu əməliyyatla doğulur. Almandilli ölkələrdə qeysəriyyə kəsiyi əməliyyatlarında 52 faizədək artım qeydə alınıb. DST-nin 2015-ci ildə hazırladığı hesabata əsasən, qeysəriyyə kəsiyi əməliyyatının tezliyinə görə Latın Amerikası ölkələri 44 faiz nəticə ilə birincidir. Şimali Amerika ölkələri 32 faizlə ikinci, Şərqi Asiya və Sakit okean ölkələri isə təxminən 29 faiz nəticə ilə üçüncü yerdə qərarlaşıb. Avropa regionunda doğuş azalıb, qeysəriyyə əməliyyatının tezliyi isə artıb. Azərbaycanda bu əməliyyatın tezliyi 26-28 faiz arasında tərəddüd edir. Ölkəmizdə doğuşların sayı da demək olar ki, ilbəil azalır. DST bu əməliyyatın tezliyini 15-27 faiz arasında müəyyənləşdirib”.
Türkiyəli professor Ayşən Bulut, Azərbaycan Tibb Universitetinin (ATU) professoru İslam Mahalov və başqaları tədbirin əhəmiyyətindən danışıb və təşkilatçılara minnətdarlıqlarını bildiriblər.
Sonra ATU-nun professoru Elmira Əliyevanın “Qeysəriyyə kəsimi əməliyyatının tezliyinin azaldılması yolları” və Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun böyük elmi işçisi Aynurə İsmayılovanın “Robson təsnifatının əsas göstəriciləri” mövzularında məruzələri dinlənilib.