DST SƏHİYYƏDƏ İSLAHATLAR APARMAQDA AZƏRBAYCANA HƏRTƏRƏFLİ YARDIM GÖSTƏRƏCƏK
Bunu təşkilatın baş direktoru Li Yonq Vuk ölkəmizə ilk səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirmişdir. O, Azərbaycanın “quş qripi” ilə əlaqədar gördüyü tədbirləri yüksək qiymətləndirmişdir. Onun sözlərinə görə, hazırda dünya DST-nin qəbul etdiyi pandemiya təsnifatının üçüncü mərhələsindədir. Hələlik bu xəstəliyin müxtəlif ölkələrdə yalnız sporadik təzahürləri qeydə alınır. Lakin virusun mutasiya edərək, insandan insana keçməsinin bəşəriyyət üçün fəlakətli nəticələri ola bilər. DST-nin üzvü olan 190 dövlətin hər biri “quş qripi” pandemiyası əleyhinə xüsusi plan hazırlamalıdır. DST-nin bu xəstəliyin ilkin mərhələsində kömək edən “Tamiflyu” dərmanının 50 milyon kapsulu var. Onların 2 milyonu preparata kəskin ehtiyac duyan ölkələr arasında paylanacaqdır.
DST-nin başçısı dünyanın bir çox ölkələrində saxta dərman yayılması probleminə toxunaraq demişdir ki, başçılıq etdiyi qurumun məlumatına görə, dünya apteklərində satılan dərmanların 30 faizi saxtadır və əhalinin sağlamlığına birbaşa təhlükədir.
Səhiyyə naziri Oqtay Şirəliyev bildirmişdir ki, DST mütəxəssisləri öz tövsiyələri ilə bu sahədə Azərbaycana kömək etmişlər. Belə ki, Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzində dərmanların qeydiyyatı, saxta dərmanların aşkara çıxarılması məsələlərinə dair məşğələlər keçirilmiş, DST-nin bu sahədə qəbul edilmiş metodikaları izah olunmuşdur.