DSX: 21 kiloqramdan çox narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb
Bakı, 6 may, AZƏRTAC
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində ümumilikdə 21 kiloqram 582 qram narkotik vasitənin və 1500 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən “metadon M-40” həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, mayın 4-də saat 06:30-da Xidmətin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində iki ədəd bağlamada ümumi çəkisi 15 kiloqram 862 qram narkotik vasitə (14 kiloqram 906 qram narkotik vasitə marixuana, 676 qram heroin, 280 qram metamfetam) və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 1500 ədəd “metadon M-40” həbi aşkarlanıb.
Mayın 5-də saat 20:30-da DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində bir bağlamada ümumi çəkisi 5 kiloqram 720 qram narkotik vasitə marixuana aşkarlanaraq götürülüb.
Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.