Dünya azərbaycanlıları üçün media platforması yaradılıb YENİLƏNİB
Bakı, 27 dekabr, AZƏRTAC
Dekabrın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Dünya Azərbaycanlılarının Onlayn Sammiti - daos.az saytının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, vətəndaş cəmiyyəti və KİV nümayəndələri, ali təhsil müəssisələrinin müəllim və tələbələri, eləcə də xaricdə yaşayan soydaşlarımız iştirak ediblər. DAOS virtual şəbəkəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, katibi Nərgiz Xələf və Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə tərəfindən vətəndaş təşəbbüsü olaraq könüllü yaradılıb.
Nərgiz Xələf çıxış edərək saytın məqsəd və vəzifələrindən danışıb. Bildirib ki, dünya azərbaycanlılarının şərəfinə yaradılmış daoz.az saytının məqsədi, xaricdə yaşayan soydaşlarımıza virtual olaraq Vətəni hiss etdirməkdir. Belə ki, soydaşlarımız öz yazılarını, fikirlərini, hər hansı yaradıcılıq işini, gündəlik fəaliyyətini, şəkillərini ekspromt olaraq paylaşa biləcəklər. Onlar öz paylaşımları ilə sayta özəllik gətirməklə yanaşı, həm də xəbər istehsalçısı rolunu oynayacaqlar.
Fuad Hüseynzadə məlumat verib ki, dünya azərbaycanlıları üçün media platforması olan DAOS onlayn şəbəkəsinin digər xidmətlərindən biri ilk dəfə olaraq sayt vasitəsilə ildə iki dəfə Onlayn Sammitin keçirilməsidir. Sammit çərçivəsində dünya azərbaycanlıları virtual məkanda bir araya gələrək görülmüş və görüləcək işlərini, perspektiv planlarını müzakirə edəcəklər.
Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin xaricdə yaşayan azərbaycanlılarla iş sektorunun baş məsləhətçisi Natiq Əliyev çıxış edərək deyib ki, xaricdə yaşayan azərbaycanlılarla iş dövlət siyasətinin tərkib hissəsidir. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan ulu öndər Heydər Əliyev xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə baxmayaraq həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi. Yorulmaz fəaliyyəti ilə Heydər Əliyev siyasi fəlsəfəsinə, onun liderlik məktəbinə söykənən Prezident İlham Əliyev Ulu Öndərin bu siyasətini uğurla davam etdirir. O bildirib ki, internet bu gün gənclərin həyatının ayrılmaz hissəsinə çevrilib. Bu vasitədən səmərəli istifadə olunarsa, ölkə həqiqətləri barədə informasiyaların daha çox insana çatmasına nail olmaq mümkündür. N.Əliyev bu baxımdan gənclərin təşəbbüsünü yüksək qiymətləndirərək saytın dünya azərbaycanlılarının həmrəyliyi üçün önəmini xüsusi qeyd edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva vətəndaş cəmiyyətindən gələn bu təşəbbüsün müsbət nəticələri olacağına əminliyini ifadə edib. Bildirib ki, dünya azərbaycanlılarının həmrəyliyi vacib məsələdir. Bu işdə daos.az saytı böyük rol oynayacaq.
Gənclər və İdman Nazirliyində gənclərlə iş şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev saytın yaradıcılarına uğurlar arzulayıb.
Milli Məclisin deputatı Adil Əliyev çıxışında gənclərin dünya azərbaycanlılarının media platforması yaratmaq təşəbbüslərini təqdir edib və deyib ki, bu sayt vasitəsilə bir çox işlərə nail olmaq mümkündür.
Sonra Nərgiz Xələf tərəfindən saytın təqdimatı olub. Tədbir iştirakçılarına saytda necə qeydiyyatdan keçmək, eləcə də yazı və şəkil yerləşdirmək qaydaları izah edilib.