DÜNYA BANKI AZƏRBAYCANIN MƏCBURİ KÖÇKÜNLƏRİNƏ YARDIMI DAVAM ETDİRİR
AZƏRTAC xəbər verir ki, mayın 15-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Beynəlxalq İnkişaf Assosiasiyası (Dünya Bankı) ilə Azərbaycan Respublikası arasında “Məcburi köçkünlərin iqtisadi inkişafına yardım layihəsi üçün əlavə maliyyələşdirmə”ni həyata keçirmək üçün 15 milyon ABŞ dolları məbləğində maliyyələşdirmə və layihə sazişləri imzalanmışdır.
Nazirlər Kabinetinin, İqtisadi İnkişaf, Maliyyə nazirliklərinin, Dünya Bankının, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun (MKSİF) nümayəndələrinin iştirak etdiyi imzalanma mərasimində Baş nazirin müavini, “Dövlətqaçqınkom”un sədri Əli Həsənov yeni layihə barədə məlumat vermişdir. Bildirmişdir ki, “Məcburi köçkünlərin iqtisadi inkişafına yardım layihəsi”nin davamı olan və icra müddəti üç il nəzərdə tutulmuş layihənin dəyəri 24,19 milyon dollardır. Bu məbləğın 8,69 milyonu Azərbaycan Hökumətinin iştirak payıdır.
İcraçısı MKSİF olan yeni layihə üzrə məcburi köçkünlərin sıx məskunlaşdığı yerlərdə mövcud sosial problemlər həll olunacaq, infrastruktur yaxşılaşdırılacaqdır.
Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Qreqori Yedjeyçak qeyd etmişdir ki, Azərbaycan tərəfi ilə əməkdaşlıqdan məmnunuq və bu əməkdaşlığın inkişafına əminik.
Azərbaycan Hökuməti tərəfdən sazişləri Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Dünya Bankı tərəfdən qurumun Azərbaycan üzrə ölkə meneceri Qreqori Yedjeyçak imzalamışlar.
######
