Dünya ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini qətiyyətlə pisləməlidir
Düşənbə, 26 fevral (AZƏRTAC). Azərbaycanın Tacikistandakı səfirliyində Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
Tədbirdə Tacikistan Ali Məclisinin deputatları, dövlət və hökumət rəsmiləri, elm, mədəniyyət xadimləri, ali təhsil müəssisələrinin rəhbərləri, Düşənbədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak etmişlər.
Xocalı faciəsi hadisələrində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, soyqırımı ilə bağlı sənədli film nümayiş etdirilmişdir.
Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov çıxış edərək Xocalı faciəsinin səbəbləri haqqında məlumat vermişdir. Bildirilmişdir ki, həmin gün 613 nəfər qətlə yetirilmişdir. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70 nəfər yaşlı nəslin nümayəndələri olmuşdur. Həmin hadisələr zamanı 155 nəfər itkin düşmüş, 1275 nəfər isə əsir götürülmüşdür.
Səfir bildirmişdir ki, Pakistan, Meksika, Kolumbiya, Çexiya, Rumıniya, Bosniya və Herseqovina, Peru, Honduras kimi dövlətlərin qanunverici orqanları, İslam Konfransı Təşkilatı, ABŞ-ın bəzi ştatları Xocalı soyqırımını rəsmən tanımışlar. Bildirilmişdir ki, Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir və Xatın, Xerosima, Naqasaki, Sonqmi, Lidiç, Oradur faciələri ilə eyni sırada durur.
A.Həsənov demişdir ki, BMT Təhlükəsizlik Şurası Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinin qeyd-şərtsiz boşaldılmasının tələb olunduğu dörd qətnamə qəbul etsə də işğalçı dövlət buna əhəmiyyət vermir və dünya birliyinə meydan oxuyur. ATƏT-in Minsk qrupu artıq iyirmi ildir ki, münaqişənin həlli istiqamətində heç bir nəticə əldə etməmişdir.
Tacikistanda yaşayan soydaşımız Mirzə Şükürov çıxışında dünya ictimaiyyətini Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini qətiyyətlə pisləməyə çağırmışdır.
Tədbir iştirakçıları səfirliyin foyesində Xocalı hadisələrini əks etdirən şəkillərdən ibarət fotostendə baxmış, onlara Azərbaycan, rus, ingilis və tacik dillərində hazırlanmış məlumatlar toplusu, bukletlər, kitabçalar və faciə ilə bağlı “Payomi Düşənbə” qəzetində tacik dilində dərc etdirilmiş məqalənin surətləri paylanmışdır.
Tədbir barədə Tacikistanın “Cahonnome” televiziya kanalının xəbərlər proqramında reportaj nümayiş olunmuş, səfirlik tərəfindən hazırlanmış məlumatlar Tacikistan kütləvi informasiya vasitələrinə, o cümlədən Düşənbədə akkreditə olunmuş diplomatik nümayəndəliklərə göndərilmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə