MƏDƏNİYYƏT
Dünya şöhrətli ispan rəqqası Heydər Əliyev Sarayında geniş konsert proqramı ilə çıxış etmişdir
Bakı, 18 mart (AZƏRTAC). Martın 18-də Bakıda keçirilən “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalı çərçivəsində Heydər Əliyev Sarayında flamenqo rəqsinin mahir ifaçısı, aktyor, dünya şöhrətli ispan rəqqası Xoakin Kortes geniş konsert proqramı ilə çıxış etmişdir.
AZƏRTAC xəbər verir ki, konsert Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə artıq üçüncü dəfə Bakıda təşkil edilmiş “Muрam aləmi” Beynəlxalq Muğam Festivalı çərçivəsində baş tutmuşdur.
Nəfis səhnə tərtibatı ilə diqqəti cəlb edən konsertdə X.Kortes dünya səhnələrindəki çıxışları kimi, bu dəfə də flamenqo rəqsinin möhtəşəm nümunələrini tamaşaçılara təqdim etmişdir.
Bakıda olmağından məmnunluğunu dilə gətirən X.Kortes ölkəmizdəki pərəstişkarlarından xeyli məktublar aldığını qeyd etmişdir.
Heydər Əliyev Sarayının möhtəşəm səhnəsində dünya şöhrətli rəqqas geyim, plastika və rəqsləri ilə tamaşaçıların diqqətini özünə cəlb etmişdir.
Yüksək səhnə mədəniyyəti ilə musiqisevərlərin rəğbətini qazanmış rəqqas pərəstişkarlarını salamlayaraq demişdir: “Bu konserti çoxdan gözləyirdim. Hisslərimi sözlə ifadə edə bilmirəm. Mən sizi çox sevirəm. Burada çıxış etmək böyük məsuliyyət tələb edir. Ümidvaram ki, konsertə gələn insanlar da bizim hazırladığımız proqramdan çox məmnun qalacaqlar”.
Dünyanın bir çox şəhərlərində çıxış etdiyini xatırladan məşhur rəqqas Bakıdakı konsertində iştirak edən tamaşaçıların çox enerjili göründüyünü xüsusi vurğulamışdır.
Dünya şöhrətli rəqqas konsertdə fərqli alətlərdə ifa olunan özünün yeni “Disen De Mi” adlı möhtəşəm rəqs proqramını təqdim etmişdir.
Xoakin Kortes ötən əsrin 90-cı illərinin sonlarından tanınmağa başlamış və hazırda müasir flamenqo rəqsinin ən parlaq simalarından biridir.
Beynəlxalq musiqi arenasının misilsiz incisi hesab olunan dünya şöhrətli rəqqas indiyədək bir sıra mükafatların laureatı olmuş və çoxsaylı uğurlara imza atmışdır.