DÜNYA
Dünya xristianları Milad bayramını qeyd edirlər
Bakı, 25 dekabr, AZƏRTAC
Dünya xristianları Qriqorian təqviminə görə Milad bayramını qeyd edirlər. Bu günlərdə katoliklər, protestantlar və bəzi pravoslavlar, o cümlədən yunan və bolqar kilsələri də bayram tədbirləri keçirirlər. Bütün Avropa ölkələrində, o cümlədən katoliklərin üstünlük təşkil etdiyi Fransa, İspaniya, Portuqaliya və Polşada Milad bayramı ilə əlaqədar təntənəli mərasimlər keçirilir.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, katolik inancının ürəyi sayılan Vatikanda, Müqəddəs Pyotr Bazilikasında bayram messasını Roma papası Fransisk idarə edib.
Beyt-Lahmda keçirilən təntənəli mərasimə də minlərlə xristian qatılıb.
Bu günlərdə, həmçinin bütün Mərkəzi və Cənubi Amerika, eyni zamanda Cənub-şərqi Asiyanın bəzi ölkələrində də Milad bayramı qeyd olunur. Avstraliya sakinləri isə şimal ölkələrinin “acığına” Miladı yayın ortasında, çimərliklərdə bayram edirlər.
Katolik kilsəsi xristianlığın ən böyük inanc qoludur. Dünyada bu dini cərəyana etiqad edən 1,5 milyard xristian yaşayır.
Bayram tədbirləri səkkiz gün sürür və Milad oktavası adlandırılan dövrü əhatə edir.