Ağsu rayonunun Maşadqanlı kəndi ilə nəqliyyat əlaqəsi bərpa edilib YENİLƏNİB
Ağsu, 27 iyun, Rəşad Türkoğlu, AZƏRTAC
Ağsuda çayın məcradan çıxması nəticəsində rayonla əlaqəsi kəsilən Maşadqanlı kəndinin yolu bərpa edilib.
AZƏRTAC xəbər verir ki, hadisədən sonra əraziyə ağır texnika və canlı qüvvə cəlb edilib.
Sel sularının yararsız hala saldığı avtomobil yolunun sol tərəfindən alternativ yol salınıb və bununla da kəndin rayon mərkəzi ilə əlaqəsi təmin olunub.
Hazırda bölgədə hava yağmursuz olsa da, Ağsuçayda gursululuq müşahidə edilir.
12:46
Bir neçə gündür aramsız yağan yağışlar nəticəsində çaylardan sel keçir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, belə çaylardan biri də Ağsu rayonu ərazisindən keçən eyniadlı çaydır. Aramsız yağan leysan yağışlarından sonra dağlardan gələn sel suları Ağsuçayda suyun səviyyəsini artırıb. Nəticədə Ağsuçay Arat-Curuxlu kəndinin ərazisində məcrasından çıxıb, kəndə gedən avtomobil yolu keçilməz olub. Əkin sahələri su altında qalıb, Maşadqanlı kəndi ilə rayon mərkəzinin əlaqəsi kəsilib.
Əraziyə ağır texnika və canlı qüvvə cəlb edilib, yolun açılması istiqamətində iş görülür.