Dünyada ilkə imza atan istedadlı azərbaycanlı rəssam “İpəkdə yaşayan izlər” adlı videosərgi hazırlayıb
Xırdalan, 28 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Bakı Mühəndislik Universitetinin müəllimi, “Qurani-Kərim”i ipək üzərinə yazaraq dünya tarixində ilkə imza atan istedadlı rəssam Tünzalə Məmmədzadə videosərgi hazırlayıb.
AZƏRTAC xəbər verir ki, “İpəkdə yaşayan izlər” adlı kalliqrafik əsərlərindən ibarət olan sərgidə şəffaf ipək üzərində dini yazılar, Qurandan ayələr, süslənmiş islami motivlər və əsərlər yer alıb.
Qeyri-adi dizaynlı memarlıq layihələrinin müəllifi olan T.Məmmədzadə, eyni zamanda, İstanbulda müxtəlif memarlıq layihələri üzərində çalışıb. Azərbaycan Rəssamlar İttifaqının üzvü olan rəssamın əsərləri Azərbaycan Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur. Onun əsərləri bir çox fərdi və toplu sərgilərdə nümayiş etdirilib və dünyanın bir çox ölkələrindəki kolleksiyalarda saxlanılır.
T.Məmmədzadə dekorativ tətbiqi sənətlə təsviri sənəti sintez edərək, şəffaf ipək üzərində rəsm əsərləri yaradan ilk və yeganə rəssamdır. O, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Memarlıq və dizayn fakültəsinin bakalavr, Qərb Universitetinin Moda dizayn fakültəsinin magistr məzunu olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında doktorluq təhsili alıb. Rəssam Şəki əl sənəti olan Təkəlduz sənətinin tarixini araşdırıb. Türkiyənin “Türkiyə Bursları” proqramı çərçivəsində Marmara Universitetinin Türkiyat Araştırmalar İnstitutunda doktorantura təhsili alıb.
Hazırda yaradıcılığını rəssamlıqla yanaşı, memarlıq sənətində də davam etdirən T.Məmmədzadə fərqli dizaynlı memarlıq layihələri üzərində iş aparır.