Dünyaşöhrətli müğənni Madonna yenidən sağlamlığına qovuşub
Bakı, 31 iyul, AZƏRTAC
Dünyaşöhrətli ifaçı Madonna xeyli müddət xəstələndiyi bakterial infeksiya ilə mübarizədə qalib gəlib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, müğənni keçən ay xəstəxanaya yerləşdirilməsinə baxmayaraq, yenidən sağlamlığına qovuşmaq üçün ciddi mübarizə aparıb. O, ailəsinə və dostlarına sosial şəbəkə üzərindən ona dəstək olduqları üçün təşəkkür edib.
“Sağlamlığımla bağlı çox ağır günlər yaşadım. Artıq hər şey keçmişdə qaldığı üçün, ən əsas sağ olduğum üçün çox şanslıyam. Planlaşdırdığımız yeddi aylıq dünya turuna başlamalı idik, təəssüf ki, gözlənilməz xəstəlik səbəbindən konsertlərin vaxtını dəyişməli olduq. Hazırkı planda turnenin Şimali Amerika mərhələsini təxirə salaraq, konsert səfərlərinə Avropadan başlamaq durur. Dünya turnesi çərçivəsində ilk Avropa konsertimizin oktyabrın 14-də Londonda keçirilməsi planlaşdırılır”, - deyə Madonna jurnalistlərə açıqlamasında bildirib.
Qeyd edək ki, Amerikanın məşhur “Forbes” jurnalında müğənni 580 milyon dollarlıq sərvəti ilə ABŞ-ın 45-ci ən varlı qadını kimi qeyd olunub.