Düşmən təxribatı zamanı Cocuq Mərcanlıda dağılan 45 ev yenidən bərpa olunur VİDEO
Cəbrayıl, 1 fevral, Aydın Yavərzadə, AZƏRTAC
Qırx dörd günlük Vətən müharibəsində düşmən təxribatına məruz qalan yaşayış yerlərimizdən biri də Cəbrayılın Cocuq Mərcanlı kəndidir. Ermənistan ordusunun kəndə atdığı raket və mərmilər burada bir çox dağıntılara səbəb olub. Hazırda yararsız hala düşən evlərin bərpasına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cocuq Mərcanlı kəndində 45 ev və bir ədəd ictimai iaşə obyektində dağıntı qeydə alınıb. Hazırda ərazidə tikinti-bərpa işləri davam edir.
Erməni təxribatı zamanı yaşayış evi dağılan kənd sakinlərindən biri də Xanlar Zeynalovdur. Birinci Qarabağ müharibəsi zamanı doğma Cəbrayılını tərk etməli olan müsahibimiz 2016-cı il Aprel zəfərindən sonra Cocuq Mərcanlıya qayıdan sakinlərdəndir. O, Vətən müharibəsi zamanı digər Cocuq Mərcanlı sakinləri kimi öz el-obasını tərk etmədi. Xanlar Zeynalov deyir ki, döyüşlər başlayan gündən erməni təxribatçıları mütəmadi olaraq bu yerləri atəş altında saxlayaraq sakinləri qorxutmağa çalışsalar da, mənfur niyyətlərinə çata bilmədilər. “Biz güclü ordumuza güvənərək kəndimizdə həyatımıza davam etdik. 44 günlük müharibə Azərbaycan əsgərinin qələbəsi ilə başa çatdı. Ordumuzun gücünə tab gətirməyən hiyləgər ermənilər dinc əhalini atəşə məruz qoyduğu üçün bizim kənddə də dağıntılar qeydə alınıb. Bu gün dağıdılan evlər dövlətimiz tərəfindən inşa edilir. Buna görə Prezident İlham Əliyevə minnətdarıq”, - deyə X.Zeynalov bildirib.
Qeyd edək ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində ölkəmizin bir sıra şəhər və rayonları artilleriya və ballistik raket atəşinə tutularaq, insanlıq əleyhinə cinayətlər törədilib, dinc sakinlər vəhşicəsinə qətlə yetirilib, mülki obyektlərə, fərdi yaşayış evlərinə və infrastruktura irimiqyaslı zərər vurulub. Dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə Prezident İlham Əliyevin 2020-ci il 6 noyabr tarixli Sərəncamı ilə Dövlət Komissiyası yaradılıb. Dövlət Komissiyasının nəzdində yaradılmış müxtəlif dövlət qurumlarının əməkdaşları və mütəxəssislərdən ibarət işçi qruplar tərəfindən qısa müddətdə, ümumilikdə, 11 şəhər və rayon ərazisində 10 mindən çox obyektə baxış keçirilib, qiymətləndirmə və təmir-tikintinin ilkin planlaşdırılması işləri aparılıb.
Zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin aparılması üçün yaşayış evlərinin və obyektlərin tikintisi üzrə sifarişçi funksiyaları, habelə inşa prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib. Artıq 11 rayon və şəhərdə bərpa və təmir-tikinti işlərinə başlanılıb.