Əbu-Dabidə keçirilən Qadınların Qlobal Sammitində Azərbaycan nümayəndələri də iştirak ediblər
Əbu-Dabi, Səbuhə Əmiraslanova, 22 fevral, AZƏRTAC
Əbu-Dabidə təşkil olunan Qadınların Qlobal Sammitində Azərbaycan nümayəndələri də iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, müxtəlif mövzulu panellərlə davam edən zirvə toplantısının ikinci günündə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru Könül Bünyadzadə “Qadın mütəfəkkirlər və siyasi məsləhətləşmələr” mövzusunda keçirilən sessiyada çıxış edib.
Əsas mövzusu qadın ekspertlərin, tədqiqatçıların və alimlərin beyin mərkəzlərində və siyasi məsləhətləşmələrdə iştirakının vacibliyi qeyd olunan sessiyada Azərbaycan cəmiyyətində qadının rolu, Şərqdə qadına ilk seçki hüququnun məhz ölkəmizdə verilməsi, ümumiyyətlə, Azərbaycan cəmiyyətində qadının əhəmiyyətli mövqeyindən danışılıb. Qeyd olunub ki, Azərbaycan qadını uğurlu siyasi lider, alim, şair, xalqının və ölkəsinin maraqlarını müdafiə etməyə hər an hazır bir vətəndaşdır.
Sessiyada, həmçinin bildirilib ki, beyin mərkəzlərini idarə edən qadınlar öz ölkələrində siyasətin formalaşmasına kömək edəcək ideyalar və strategiyalar irəli sürməkdə heç bir maneə ilə qarşılaşmamalıdırlar.
Qeyd edək ki, fevralın 21-22-də Əbu-Dabidə qadınların səsvermə hüququ əldə etməsinin 100 illiyi münasibətilə BƏƏ-nin Qadınlar Birliyinin (GWU) sədri, Analar və Uşaqlar üzrə Ali Şuranın prezidenti, Ailə İnkişafı Fondunun Ali sədri Ülyahəzrət Şeyxa Fatimə bint Mübarəkin dəstəyilə Dünya Müsəlman İcmaları Şurası (TWMCC) tərəfindən Qadınların Qlobal Sammiti keçirilib.