“Əczaçılıq kimyası” dərsliyinin ikinci cildi çap olunub
Bakı, 3 mart, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) əczaçılıq kimyası kafedrası tərəfindən “Əczaçılıq kimyası” kitabının 2-ci nüsxəsi çap olunub.
Universitetin kafedra müdiri, professor Tahir Süleymanov AZƏRTAC-a bildirib ki, əczaçılıq kimyası əczaçılıq üzrə əsas ixtisas fənlərindən biridir. Həmin fənn ATU-nun əczaçılıq fakültəsinin bakalavr pilləsi üzrə III-IV kurslarında təhsil alan tələbələrin, eləcə də əczaçılıq kimyası ixtisaslaşması üzrə əczaçı magistrlərin tədris planına daxildir:
Onun sözlərinə görə, iki il əvvəl “Əczaçılıq kimyası” dərsliyinin birinci cildi istifadəyə verilib. Dərsliyin birinci hissəsi əczaçılıq kimyasının ümumi problemləri və qeyri-üzvü preparatlara həsr edilib.
T.Süleymanov bildirib ki, yeni istifadəyə verilən 2-ci cilddə hetratsiklik birləşmələr və onlardan hazırlanan dərman preparatlarından bəhs olunur. Kitabda proqrama uyğun olaraq hər bir preparat haqqında informasiya verilib. Həmçinin, preparatın alınma üsulları, adının tətbiqi, təmizliyinin təyini, miqdarının təyini və s. kimi dəqiq məlumatlar yer alıb. Eləcə də, həmçinin preparatların tibb təcrübəsində istifadə qaydasından bəhs olunub.
Dərsliyin müəlliflərindən biri Cəmilə Yusifova bildirir ki, “Əczaçılıq kimyası” dərsliyinin nəşri tələbələrinin işini xeyli asanlaşdırıb: “Tələbələr belə bir dərsliyin nəşr olunmasından razılıq edirlər. Çünki bundan sonra 3-4 dərslikdən istifadə problemi aradan qalxıb, tələbələr üçün imtahan suallarına cavab tapmaq da yüngülləşib. Artıq 2 ildir ki, kafedrada bu fənn üzrə belə problemlər yaşanmır”.
“Əczaçılıq kimyası” dərsliyində əksər qruplar üzrə dərman preparatlarının istifadəsi aydın şəkildə izah olunduğundan, ATU-nun digər fakültələrinin tələbələri də kitabdan istifadə edə bilərlər.