Ədliyyə Nazirliyində “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü" mövzusunda dəyirmi masa keçirilir
Bakı, 11 noyabr, AZƏRTAC
Noyabrın 11-də Ədliyyə Nazirliyinin inzibati binasında “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü" mövzusunda kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilir.
AZƏRTAC xəbər verir ki, 8 noyabr - Zəfər Günü münasibətilə elan olunan amnistiya aktına həsr edilən tədbirdə nazirliyin, Penitensiar və Probasiya xidmətlərinin əməkdaşları iştirak edirlər.
Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib ki, ötən müddətdə qəbul edilən çoxsaylı amnistiya aktları nəticəsində on minlərlə vətəndaşımız əfv olunub. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən bu amnistiya aktları nəticəsində minlərlə ailəyə sevinc bəxş edilib. İndiyədək 11 amnistiya aktı qəbul olunub. Sonuncu amnistiya aktı da dövlətimizin humanist siyasətinin növbəti təzahürüdür.