“ƏFQAN MİLLƏTİNİN ATASI” 90 İLLİYİNİ TƏMTƏRAQSIZ QEYD ETDİ
Bu ziyalı, tərəqqipərvər, savadlı kral (o, əfqan dillərindən başqa, fransız, italyan və fars dillərində də sərbəst danışır) Əfqanıstanda 40 il-1933-cü ildən 1973-cü ilədək hakimiyyətdə olmuşdur. Zahir şah 17 yaşında taxta çıxmışdır. Şah İtaliyada səfərdə ikən, yaxın qohumu Davud onu devirərək, taxt-taca yiyələnmişdi.
Sabiq monarx qırx il ailəsi ilə birgə Roma yaxınlığındakı villasında yaşamış və vətənə yalnız taliblərin təməlçi rejimi devrildikdən sonra qayıtmışdır. Əhalinin xüsusilə, yaşlı nəsil arasında böyük nüfuz və hörmət sahibi olsa da, ona heç bir real hakimiyyət, yaxud vəzifə verilməmişdir.
Zahir şahın hakimiyyətdə olduğu “qızıl əsri” çoxları həsrətlə xatırlayır. Bütün bu illər ərzində ölkə hec kimlə müharibə aparmamış və ləng də olsa, islahatlar və iqtisadi inkişaf yolu ilə irəliləmiş, SSRİ də daxil olmaqla, qonşu ölkələrlə dostluq münasibətləri saxlamışdır.
Kral sakit həyat keçirir, tayfa nümayəndələri ilə görüşür, çoxlu mütaliə edir. Mədə xəstəliyini müalicə etmək üçün bir neçə dəfə xaricə getməli olmuşdur. Onun xanımı bir il bundan əvvəl İtaliyada vəfat etmişdir. Əfqanıstanda sonuncu kralın xeyli tərəfdarı olsa da, ölkədə monarxiyanın bərpası ehtimalı çox azdır.