CƏMİYYƏT
Əhməd Sengendo: 2023-cü ildə Bakıda İƏT-in Əmək Mərkəzinin açılması əlamətdar hadisə oldu
![Əhməd Sengendo: 2023-cü ildə Bakıda İƏT-in Əmək Mərkəzinin açılması əlamətdar hadisə oldu](/files/2024/1/1200x630/17055618271938943431_1200x630.jpg)
Bakı, 18 yanvar, AZƏRTAC
2023-cü ildə Bakıda İƏT-in Əmək Mərkəzinin açılması təşkilatın müsbət nəticələri kontekstində əlamətdar hadisə oldu.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ciddədə keçirilən İƏT Təsisatlarının 7-ci İllik Koordinasiya Toplantısında (ACMOI) çıxış edən təşkilatın Baş katibinin iqtisadi məsələlər üzrə müavini Əhməd Sengendo söyləyib.
Baş katibin müavini bildirib ki, 2023-cü il həm də bəzi islam ölkələri üçün faciəvi olub. Belə ki, ötən il Türkiyə, Mərakeş və Liviyada dağıdıcı təbii fəlakətlər, Qəzza zolağında davam edən dəhşətli müharibə və digər hadisələrin yükü İƏT ölkələrinin sosial-iqtisadi inkişafı üçün əlavə qorxulu ssenarilər meydana çıxarıb.
İƏT-in toplantısında ötən ilin nəticələrinə yekun vurulub və cari ildə inkişaf perspektivləri müzakirə olunub. Ə.Sengendo qeyd edib ki, müharibə və silahlı münaqişələr, təbii fəlakətlər İƏT və onun təsisatlarından davamlı iqtisadi artıma və inkişafa nail olmaqda üzv dövlətlərə yardıma yönəlmiş fəaliyyətləri gücləndirməyi və proqramları daha da artırmağı tələb edir. O, həmçinin 2023-cü ildə müsbət irəliləyişlərə, o cümlədən İƏT-ə üzv ölkələrdə əmək və məşğulluq məsələləri ilə məşğul olan ən yeni ixtisaslaşdırılmış qurum olan İƏT-in Əmək Mərkəzinin Bakıda fəaliyyətə başlamasına diqqət çəkib. Bundan əlavə, Ər-Riyaddakı Halal Akkreditasiya Orqanları üçün İslam Forumu müvafiq status qazanaraq İƏT-in “Halal” standartlaşdırmasındakı rolunu gücləndirib.
Toplantıda vurğulanıb ki, İslam ölkələri problemlərin həll edilməsi üçün səyləri birləşdirməli, həmrəylik nümayiş etdirməlidir.