“Ekologiyamızı qoruyaq” mövzusunda foto və rəsm sərgisi keçirilib
Bakı, 31 may, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə Abşeron Rəsm Qalereyasında “Ekologiyamızı qoruyaq” adlı gənc fotoqrafların, rəssamların foto və rəsm sərgisi keçirilib.
AZƏRTAC xəbər verir ki, BŞGİBİ-nin rəis müavini Aydın Yusifov Baş İdarə tərəfindən hər il bu mövzu ilə bağlı müxtəlif tədbir və sərgilərin təşkil olunduğunu bildirib. O, ekologiyamızın mühafizəsi, Azərbaycan təbiəti, ölkəmizin dilbər guşələri və tarixi abidələrimizin qorunması, sağlam həyat tərzinin təbliği, istedadlı gənclərin fotoqrafiya sahəsində yaradıcılıqlarını nümayiş etdirmələri üçün Baş İdarə tərəfindən əlverişli şəraitin yaradıldığını, müxtəlif layihələrin, tədbirlərin keçirildiyini vurğulayıb.
Sərgi barədə məlumat verən A.Yusifov qeyd edib ki, burada 50-dək gəncin 60-dan çox foto və rəsm əsəri nümayiş olunur.
Üç hissədən - fototənqid, görməli yerlər və Azərbaycan təbiətindən ibarət foto və rəsm sərgisi bir həftə davam edəcək.