Ekspert: “Fərqli Fərdlər” konqresinin işində mühüm və aktual məsələlər müzakirə edilib
Bakı, 6 aprel, AZƏRTAC
Bu gün Bakıda fərqli inkişaf özəllikləri olan uşaqlara həsr olunan 1-ci “Fərqli Fərdlər” konqresi keçirilib.
Tədbirin gedişində autizm spektr pozuntusu, diqqət çatışmazlığı və hiperaktivlik sindromu, Turet sindromu və Daun sindromu kimi çox mühüm aktual məsələlər müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində “AZ-BU-KA pedaqoqa” Pedaqoji Məharət Mərkəzinin yaradıcısı, rusiyalı psixoloq Tatyana Vasilkova bildirib. Valideynlərin emosional tükənməsi mövzusunda çıxış etməsindən danışan T.Vasilkova deyib: “Uşaq tərbiyə etmək ağır zəhmətdir. Bir çox hallarda gənc ana və atalar buna hazırlıqsız olur. Körpənin dünyaya gəlməsi ailənin adət halını almış həyat tərzini qismən dəyişir. Yuxusuz gecələr, körpənin sağlamlığı üçün daimi təlaşlar, nəyisə düz yerinə yetirməmək qorxusu, özlərinin yeni sosial rollarına adaptasiyada çətinliklər, əlbəttə ki, asudə vaxtın olmaması - bütün bunlar gənc valideynləri körpənin həyatının ilk ayları ərzində müşayiət edir. Təbii ki, bütün bu amillər birbaşa valideynlərin emosional vəziyyətinə təsir edir. Bu vəziyyət daim pozulur, nəticədə əsəb sarsıntısına, depressiyaya və üzülməyə gətirib çıxarır. Əksər hallarda valideynlər özləri başa düşmürlər ki, niyə birdən-birə uşaq onları qıcıqlandırmağa və qəzəbləndirməyə başlayır. Onlar özlərindən çıxıb uşaqlara qışqırır, sonra isə psixoloqa bunu necə aradan qaldırmaq barədə sualla müraciət edirlər”.