ƏL-QAİDƏ İNTİHARÇI-UŞAQLARDAN İSTİFADƏ EDİR
Bakı, 10 aprel (AZƏRTAC). Bağdadda çıxan “Əl Həyat” qəzetinin yazdığına görə, “Əl-Qaidə” terror təşkilatı aprelin 6-da Bağdadın diplomatik məhəlləsində təxribat törədərkən özünün yaratdığı “Tyur-əl-Canna” (“Cənnət quşları”) təşkilatındakı intiharçı-uşaqlardan istifadə etmişdir. Qəzetin naməlum mənbədən aldığı məlumata görə, Bağdadın mərkəzində mina qoyulmuş avtomobili partlatmağa çalışan 13 yaşlı uşaq həbs edilmişdir.
Qəzetin yazdığına görə, İraqın güc strukturları tərəfindən sıxışdırılan terrorçular təxribat aksiyaları törətmək üçün qadınlardan, uşaqlardan, yeniyetmələrdən, kəmağıl adamlardan istifadə edirlər. İntiharçı-uşaqlar kimsəsizlər arasından seçilir, “Əl-Qaidə”nin üzvlərinin ailələrində tərbiyə olunur, hərb sənətini öyrənirlər.