Əlcəzair və Argentina malyariyaya qalib gəliblər
Bakı, 27 may, AZƏRTAC
Əlcəzair və Argentina malyariyaya qalib gəlməyə nail olublar. Onlar Dünya Səhiyyə Təşkilatının (DST) “malyariyadan azad ölkələr” statusunu təsdiq edən rəsmi sertifikatını alıblar. Həmin sertifikat azı üç il ardıcıl olaraq bu və ya digər dövlətin ərazisində xəstəliyə yoluxma halları qeydiyyata alınmadığı halda verilir.
AZƏRTAC Birləşmiş Millətlər Təşkilatının rəsmi saytına istinadla xəbər verir ki, son onilliklərdə malyariyaya qarşı mübarizə sahəsində böyük nailiyyətlər əldə olunub. Lakin bu qorxulu xəstəlik hələ də əhalinin, xüsusən də Afrika ölkələri əhalisinin sağlamlığına təhlükədir. Bu xəstəlik hər iki dəqiqədə bir uşağın həyatına son qoyur. Hər il təqribən 200 milyon insanın malyariyaya yoluxması qeydə alınır. Bunlardan 435 mini ölümlə nəticələnir. Yoluxanların 90 faizi Afrikanın payına düşür.
1973-cü ildə bu cür sertifikat verilmiş Mavrikiyadan sonra Əlcəzair DST-nin Afrika regionunda malyarıyadan azad olması rəsmi şəkildə tanınmış ikinci ölkədir. Argentina isə Amerika ölkələri arasında bu şərəfli sertifikatı alan ikinci dövlətdir. Ona qədər son 45 ildə bu qitədə yalnız Paraqvayda malyariyanın qarşısını almağa nail olublar. Əlcəzair və Argentina ərazilərində sonuncu dəfə malyariyaya yoluxma halları müvafiq olaraq, 2013-cü və 2010-cu illərdə qeydə alınıb.
DST-nin baş direktoru Tedros Gebreyesus qeyd edib ki, Əlcəzair və Argentinanın nailiyyəti bu xəstəlikdən birdəfəlik qurtulmağa səy göstərən digər ölkələr üçün nümunə olmalıdır.
Əlcəzair və Argentina nümayəndələrinə sertifikatlar Cenevrədə keçirilən Dünya Səhiyyə Assambleyasının 72-ci sessiyası çərçivəsində DST-nin baş direktoru tərəfindən təqdim edilib.