CƏMİYYƏT
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun 80 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilib
Bakı, 28 sentyabr, AZƏRTAC
Sentyabrın 28-də Bakıda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun yaranmasının 80 illiyinə həsr olunan beynəlxalq elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda ftiziatriya və pulmonologiya sahəsində yerli və xarici ölkələrin, o cümlədən Türkiyə, Rusiya Federasiyası, Gürcüstan və digər aparıcı mütəxəssisləri tənəffüs sistemi xəstəliklərinin müayinə və müalicəsinə aid son elmi nailiyyətlər haqqında məruzələr ediblər.
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu 1944-cü ildə, o dövrdə əhalinin sağlamlığı üçün ən ciddi təhlükələrdən biri olan vərəmlə mübarizə məqsədi ilə yaradılıb. Həmin vaxtdan bu günə kimi institut tək vərəmin tədqiqi deyil, eyni zamanda digər ağciyər infeksion və qeyri-infeksion xəstəlikləri də (ağciyərlərin bronxobstruktiv xəstəliyi, bronxial astma və digər) daxil olmaqla geniş spektrli tənəffüs xəstəliklərinin diaqnostikası və müalicəsi üçün müxtəlif üsulların işlənib hazırlanmasına qədər uzun bir yol keçib. Bu illər ərzində institut Azərbaycanın aparıcı elmi-tədqiqat və təhsil mərkəzinə çevrilərək dünya elminə mühüm töhfələr verib.
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu beynəlxalq layihələrdə fəal iştirak edir, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və digər beynəlxalq qurumlar və təşkilatlarla əməkdaşlıq edir. İnstitut vərəm və digər tənəffüs orqanlarının xəstəliklərinin diaqnostikası üçün molekulyar metodların tətbiqində liderə çevrilib. İnstitutun mühüm nailiyyəti beynəlxalq standartlara uyğun sertifikatlaşdırılaraq, Milli İstinad Laboratoriyasının yaradılması olub.
İnstitutun elmi tədqiqatları cari problemlərin həllinə, o cümlədən vərəmin dərmana davamlı formalarına qarşı mübarizəyə, COVID-19 və onun vərəmlə yanaşı xəstəlikləri kimi mürəkkəb xəstəliklərin müalicə strategiyalarının işlənib hazırlanmasına yönəlib.
Konfransda respirator xəstəliklərin, o cümlədən multirezistent vərəmin, yoluxucu və xroniki ağciyər xəstəliklərinin diaqnostikası və müalicəsinin aktual problemləri haqqında müzakirə aparılıb. Müasir molekulyar-genetik diaqnostika üsullarına və onların praktikada tətbiqinə xüsusi diqqət yetirilib.
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun 80 illik yubileyinə həsr olunan konfrans bilik və təcrübə mübadiləsi, eləcə də yeni elmi əlaqələrin qurulması üçün unikal bir platformaya çevrilib. Konfransa ölkədə vərəmin müalicəsi ilə məşğul olan tibb müəssisələrinin rəhbər və aparıcı mütəxəssisləri dəvət olunub. Konfrans iştirakçıları arasında Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat institutlarının rəhbərləri, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun, Azərbaycan Tibb Universitetinin, ÜST-nin və Qlobal Fondun aparıcı əməkdaşları, ümumilikdə 100-dən çox alim və həkim iştirak edib.
Konfrans ölkədə respirator təbabətin gələcək inkişafına və əhalinin sağlamlığının yaxşılaşdırılmasına təkan verəcək.