Elmin İnkişafı Fondu beşinci “Mobillik qrantı” müsabiqəsini elan etmişdir
Bakı, 13 iyun (AZƏRTAC). İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) icraçı direksiyasında nəticələri yenicə elan olunmuş dördüncü “Mobillik qrantı” müsabiqəsinin qalibləri ilə görüş keçirilmişdir.
EİF-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə fondun icraçı direktoru Elçin Babayev qalibləri təbrik etmiş, ölkədə həyata keçirilən elm siyasətinin uğurlarından danışmışdır.
Tədbirdə həmçinin Elmin İnkişafı Fondunun xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirakı nəzərdə tutan növbəti beşinci “Mobillik qrantı” müsabiqəsi elan edilmişdir.
Bildirilmişdir ki, müsabiqə Azərbaycan Respublikasında təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində elmi-tədqiqat işləri ilə məşğul olan alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirak, Azərbaycanda alınmış elmi nəticələrin tanıdılması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması imkanı yaratmaq məqsədilə keçirilir.
Müsabiqə çərçivəsində qrant maliyyələşdirilməsinin ümumi həcmi yüz min manat təşkil edəcəkdir. Kiçik maliyyə həcmli (on min manatadək) qrantların verilməsi ilə bu il oktyabrın 1-dən dekabrın 31-dək Azərbaycandan olan alim və mütəxəssislərin xaricdə qısamüddətli təcrübəkeçmə proqramlarında, eləcə də regional və beynəlxalq elmi tədbirlərdə elmi məruzələrlə iştirakının qismən və ya tamamilə maliyyələşdirilməsi təmin ediləcəkdir.
Müsabiqədə iştirak üçün ərizələr iyunun 17-dən iyulun 31-i saat 17:00-dək qəbul olunacaqdır.
Beşinci “Mobillik qrantı” müsabiqəsinin nəticələrinin cari ilin sentyabr ayında açıqlanması planlaşdırılır. Ətraflı məlumatı www.sdf.gov.az linkindən əldə etmək mümkündür.