Elmin İnkişafı Fondunda Milli Qurtuluş Günü qeyd olunmuşdur
Bakı, 13 iyun (AZƏRTAC). İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) icraçı direksiyasında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir.
EİF-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə fondun icraçı direktoru Elçin Babayev 21 il əvvəl respublikanın ictimai-siyasi həyatında baş verən prosesləri bir daha xatırlatmış, görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü il iyunun 15-də ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, Ulu Öndərin müdrik siyasəti sayəsində Azərbaycan parçalanmaq təhlükəsindən qurtulmuş, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatında əsaslı dönüş başlanmış, əmin-amanlığa və siyasi sabitliyə nail olunmuşdur.
Respublikamızda bütün sahələrdə olduğu kimi, elmin inkişafı sahəsində də yüksək nailiyyətlər əldə edildiyini vurğulayan E.Babayev bildirmişdir ki, son illər Azərbaycanın qazandığı uğurlar birbaşa ulu öndər Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlıdır.
Tədbirdə fondun dördüncü “Mobillik qrantı” müsabiqəsinin qalibləri Rüfət Quliyev və Muxtar Hacızadə ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə xaos, böhran və özbaşınalığın yaşandığını, respublikanın parçalanmaq təhlükəsi ilə üzləşdiyini diqqətə çatdırmışlar. Qeyd olunmuşdur ki, belə bir məqamda xalqın təkidli tələbi ilə dahi şəxsiyyət Heydər Əliyevin Bakıya gəlişi və hakimiyyətə qayıdışı müstəqilliyimizin yenidən itirilməsi təhlükəsinə birdəfəlik son qoymuşdur. Natiqlər ölkəmizdə elmin inkişafına göstərilən diqqət və qayğıdan, alimlərə yaradılan şəraitdən razılıqlarını bildirmişlər.