Elsevər Ağayev: Hazırda hamımız xüsusi karantin rejimindən çıxış dövrünü yaşayırıq
Bakı, 7 may, AZƏRTAC
Azərbaycan səhiyyəsində uzun illər boyu əldə edilmiş nailiyyətlər bu gün öz bəhrəsini verir.
Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən AZƏRTAC-a bildiriblər ki, bunu Səhiyyə nazirinin müavini Elsevər Ağayev bütün dünyada və Azərbaycanda COVID-19 pandemiyası ilə bağlı vəziyyət, görülən tədbirlər və tibb işçilərinin fədakarlığı haqqında danışarkən deyib.
O, həmçinin bir neçə maraqlı məqamlara da toxunub: “Son 16 il ərzində Azərbaycanda 750-dən çox xəstəxana təmir edilib, yeniləri istifadəyə verilib. Həmçinin Səhiyyə Nazirliyi tərəfindən güclü peşəkar kadrlar yetişdirilib. Son günlər mətbuatda yayılan xəbərlərə görə, bəzi ölkələrdə bir sıra xəstəxanaların həkimləri COVID-19 təhlükəsinə görə işdən imtina ediblər. Lakin Azərbaycan həkimləri vətənpərvərlik və həmrəylik kimi dəyərləri üstün tutaraq, xalqımızın sağlamlığı üçün koronavirusa qarşı mübarizədə hər gün peşəkarlıqla yanaşı, sözün əsl mənasında, qəhrəmanlıq və fədakarlıq da nümayiş etdirirlər.
Qoşulmama Hərəkatının Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edib ki, bizim həkimlər daim öz təcrübələrini paylaşaraq digər ölkələrə də dəstək verməyə hazırdırlar”.
Səhiyyə nazirinin müavini karantinin başlanğıc dövründə apteklərdə maskaların təminatı ilə yaşanan müvəqqəti yaranmış problemə də toxunub. Onun sözlərinə görə, həmin vaxt Çin və Avropa ölkələri də maskaların təchizatında problemlə qarşılaşmışdı. Azərbaycanda bu problem çox qısa müddət ərzində öz həllini tapıb.
Elsevər Ağayev bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan olunmuş karantin rejimindən mərhələli çıxışın düzgün idarəolunması üçün Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən koronavirusla bağlı həftəlik statistik məlumatlar Operativ Qərargaha təqdim edilir. Qərargah da bu statistikadan istifadə edir.
“Hazırda hamımız xüsusi karantin rejimindən çıxış dövrünü yaşayırıq. Bu çıxış mərhələli şəkildə həyata keçiriləcək. Hər bir vətəndaşın sosial məsuliyyəti tövsiyə və qaydalara maksimal dərəcədə riayət etməkdən ibarətdir”, - deyə o bildirib.
Nazir müavini karantin rejimi dövründə İSİM-in maarifləndirici rolunu da xüsusi vurğulayıb.