“eLVe” xorunun solistləri Şirvanda konsert proqramı ilə çıxış edib
Şirvan, 5 may, Aydın Yavərzadə, AZƏRTAC
Latviya səfirliyinin təşkilatçılığı ilə İrlandiyadakı Latviya Cəmiyyətinin qarışıq səsli “eLVe” xorunun solistləri respublikamıza səfərləri çərçivəsində Şirvan şəhərində konsert proqramı ilə çıxış ediblər. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçirilən konsert proqramı Mədəniyyət Mərkəzində gerçəkləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov tədbir iştirakçılarını və qonaqları salamlayaraq, dövlət müstəqilliyimizin möhkəmlənməsində və inkişafında misilsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsinin əhəmiyyətindən, bu istiqamətdə keçirilən tədbirlərdən danışıb. O, Ulu Öndərin işıqlı ideyalarının gerçəkləşdiyini, inkişafın bütün sahələrində onun imzasının əks olunduğunu qeyd edib.
Latviyanın səfir əvəzi Viya Buşe və səfirin müşaviri Elmira Mirzəyeva çıxış edərək, Şirvan şəhərində olmaqdan məmnunluq duyduqlarını, təşkilatçılığa və qonaqpərvərliyə görə minnətdarlıqlarını bildiriblər.
Sonda İrlandiyadakı Latviya Cəmiyyətinin qarışıq səsli “eLVe” xoru çıxış edib.