ƏLYAZMALAR İNSTİTUTUNUN YENİ NƏŞRLƏRİ
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu əməkdar elm xadimi, filologiya elmləri doktoru Şamil Cəmşidovun “Azərbaycan yazılı dastan abidələrinin tədqiqi” kitabını nəşr etmişdir.
Kitabda ilk dəfə olaraq yazılı dastan abidələrinin tədqiqi prinsipləri, bu abidələrin tarixi mənşəyi, məzmunca növləri araşdırılmış, təsnifatı verilmişdir. Qocaman alim Azərbaycan milli qəhrəmanlıq dastanlarının ana qaynağı, oğuznamələr, milliləşdirilmiş yazılı dastan abidələri, dini-mifoloji dastan abidələri və xalq hekayələri, Azərbaycan nağıllarında mifik dastan obrazları məsələlərini ətraflı tədqiq etmiş, yazılı dastan abidələrini yazılı ədəbiyyata keçid mərhələsi kimi öyrənmişdir.
Kitabın redaktoru filologiya elmləri namizədi Əli Əliyevdir.
X X X
“Nurlan” nəşriyyatı filologiya elmləri namizədi Məmməd Adilovun “Azərbaycan paleoqrafiyası və tarixi orfoqrafiya məsələləri” monoqrafiyasını da çapdan buraxmışdır.
Əsərdə mətn, yazı, əlyazma, əlyazma kitabı, yazı materialları kimi bir sıra anlayışlar dəqiqləşdirilmiş, Azərbaycan əlyazmalarının materialları əsasında paleoqrafiya məsələləri və filiqranlar öyrənilmiş, yazılı abidələrin yaranmasında başlıca rol oynayan müəllif və katiblərlə bağlı maraqlı elmi mülahizələr irəli sürülmüşdür. Kitabın böyük bir fəsli Azərbaycan orfoqrafiya tarixinə və anadilli abidələrin transfoneliterasiya nəşri məsələlərinə həsr edilmişdir.
Əsərə Azərbaycan MEA-nın müxbir üzvləri Ağamusa Axundov və Vasim Məmmədəliyev rəy vermişlər.
Monoqrafiyanın redaktoru filologiya elmləri namizədi Paşa Kərimovdur.