SİYASƏT
“Əmək pensiyaları haqqında” Qanuna əlavələr və dəyişikliklər olunacaqdır
Bakı, 13 sentyabr (AZƏRTAC). Sentyabrın 13-də Milli Məclisin sosial siyasət komitəsinin payız sessiyasında ilk iclası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, iclasda bəzi qanunlara təklif olunan əlavələr və dəyişikliklərə baxılmışdır.
Komitənin sədri Hadi Rəcəbli “Əmək pensiyaları haqqında” Qanuna təklif olunan dəyişikliklər barədə məlumat vermişdir. Bildirilmişdir ki, Böyük Vətən Müharibəsi iştirakçıları və veteranlarının pensiyası fərqli hesablansa da, qanuna təklif olunan yeni dəyişikliklərlə onlar arasındakı fərq aradan qaldırılacaqdır. Mövcud qanunvericilikdə Böyük Vətən Müharibəsi iştirakçılarının əmək pensiyasının baza hissəsinə 50 faiz əlavə ödəmə nəzərdə tutulmuşdur. Yeni dəyişikliklər parlamentdə təsdiq olunduqdan sonra baza hissəsində bu əlavə 90 faiz təşkil edəcəkdir.
“Əmək pensiyaları haqqında” Qanuna təklif olunan digər dəyişiklikdə isə qeyd olunur ki, fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il xidmət stajı olan işçilərin yaşa görə əmək pensiyası hüququ vardır. Dəyişikliklərdə, həmçinin xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunla müəyyən edilmiş yaş həddinə çatmış və ya əlil olmuş fövqəladə hallar orqanlarının işçiləri üçün əmək pensiyasına əlavələr almaq hüququ, pensiyaçı vəfat etdikdə isə bu hüququn digər ailə üzvünə verilməsi nəzərdə tutulmuşdur.
Sonra çıxış edən Milli Məclis Aparatının sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova “Əmək pensiyaları haqqında” Qanuna təklif olunan dəyişikliklərin əhəmiyyətindən danışmış, bu yeniliklərin insanların sosial müdafiəsinin gücləndirilməsinə xidmət etdiyini diqqətə çatdırmışdır.
İclasda “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Qanunun tətbiqi ilə əlaqədar Əmək Məcəlləsinə və “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının mühafizəsi üzrə komissiyalar haqqında Əsasnamə”yə təklif olunan dəyişikliklər də müzakirə olunmuşdur.
“Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının mühafizəsi üzrə komissiyalar haqqında Əsasnamə”yə təklif olunan dəyişikliyə əsasən komissiyalara qanun əsasında müəyyənləşdirilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq uşaq hüquqlarının təminatına dövlət nəzarətini həyata keçirmək, uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair ölkə üzrə illik hesabatı təhlil etmək, nəticələri qiymətləndirmək, həmin hesabat barədə komissiyanın yekun rəyini müvafiq icra hakimiyyəti orqanına göndərmək, normativ hüquqi aktlara uyğun olaraq uşaq müəssisələrində monitorinqlər keçirmək səlahiyyətləri veriləcək.
Çıxış edən deputatlar təklif olunan bütün dəyişikliklərin əhəmiyyətindən danışmış, bu dəyişikliklərin ölkəmizdə sosial sahədə irəliyə doğru mühüm bir addım olduğunu diqqətə çatdırmışlar. Müzakirələrdən sonra gündəlikdəki qanun layihələri Milli Məclisin iclasında müzakirəyə tövsiyə edilmişdir.