ƏMƏK PENSİYALARININ BAZA HİSSƏSİ YENİDƏN ARTIRILACAQDIR
AZƏRTAC xəbər verir ki, Milli Məclisin sosial siyasət daimi komissiyasının aprelin 30-da keçirilmiş iclasında “Dövlət Sosial Müdafiə Fondunun 2008-ci il büdcəsi haqqında” Qanuna dəyişikliklər edilməsi barədə” qanun layihəsi müzakirə olunmuşdur.
Komissiyanın sədri Hadi Rəcəbli bildirmişdir ki, ölkədə aparılan uğurlu iqtisadi siyasət dövlət büdcəsinin gəlirlərinin son bir ildə təxminən iki dəfə artmasına səbəb olmuşdur.
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov demişdir ki, 2008-ci ildə ölkədə aparılan uğurlu iqtisadi inkişaf siyasəti nəticəsində əhalinin pul gəlirləri, orta aylıq əmək haqqı xeyli artmışdır. Bunun nəticəsində sosial sığorta haqlarının məbləği artmışdır. Gəlirlərin digər bir hissəsi büdcə təşkilatlarında çalışan vətəndaşların əmək haqlarının artması ilə bağlıdır. Bu artımlar fondun büdcəsinin gəlirlər hissəsində müəyyən dəyişikliklər etmək zərurətini yaratmışdır.
S.Müslümov demişdir ki, ötən ilin sonunda təsdiq olunmuş qanunla fondun büdcə xərcləri 1 milyard 268 milyon 648 min manat idisə, artımdan sonra bu rəqəm 1 milyard 405 milyon 515 min manat olacaqdır.
Qanun layihəsinə təklif edilən dəyişikliyə əsasən, 2008-ci ildə fondun büdcəsi məcburi dövlət sosial sığorta haqları üzrə 101,9 milyon manat artacaqdır. Ümumilikdə isə 2008-ci ildə fondun məcburi dövlət sosial sığorta haqları üzrə gəlirləri 1 milyard 19 milyon manat proqnozlaşdırılır. Fondun büdcəsinin xərclərinə gəldikdə isə, Səlim Müslümov qeyd etmişdir ki, bu vəsait əsasən əmək pensiyalarının baza və sığorta hissələrinin ödənilməsinə yönəldiləcəkdir.
2008-ci ildə əmək pensiyalarının baza hissəsi artıq bir dəfə qaldırılmışdır və qarşıdakı müddətdə yenidən artırılacaqdır.
Müzakirələr zamanı deputatlar əhalinin sosial rifah halının yaxşılaşdırılması, pensiya və müavinətlərin artırılması istiqamətində atılmış mütərəqqi addımları yüksək qiymətləndirmiş, rəy və təkliflərini bildirmişlər.
Sonda qanun layihəsi təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur.