Əməkdar Artist Ağalar Bayramovun yaradıcılığı işığında
Bakı, 7 may, AZƏRTAC
Azərbaycan Tibb Universitetində (ATU) Əməkdar Artist Ağalar Bayramovun yaradıcılıq gecəsi keçirilib.
ATU-dan AZƏRTAC-a bildirilib ki, “Mənə 100 il ömür arzulamayın” adlı tədbirdə sənətkarın həyat və yaradıcılığına dair slayd-şou təqdim olunub.
Gecədə Əməkdar Artistin yaxınları və həmkarları, tanınmış sənətçilər Ağadadaş Ağayev, Könül Xasıyeva, Gülyanaq Məmmədova, Gülüstan Əliyeva, Firuz Səxavət, Sədaqət Ulduz, Babək Niftəliyev və başqaları çıxış edərək A.Bayramovun yaradıcılığı haqqında fikirlərini bölüşüb, ona ən xoş arzularını çatdırıblar.
Sonra Ağalar Bayramov tədbir iştirakçıları qarşısında çıxış edərək tanınmış şairlərin şeirlərini səsləndirib.
Sonda ATU-nun rektoru, professor Gəray Gəraybəyli çıxış edərək Ağalar Bayramovu təbrik edib, ona universitet adından xatirə hədiyyəsi verib.