MƏDƏNİYYƏT
Əməkdar Mədəniyyət İşçisi Cənnət Nağıyevanin xatirəsi yad edilmişdir
Bakı, 15 noyabr (AZƏRTAC). Noyabrın 15-də Əməkdar Mədəniyyət İşçisi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) M. Füzuli adına Əlyazmalar İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Cənnət Nağıyevanın anım günü keçirilmişdir.
AMEA Ədəbiyyat İnstitutunun elmi işçisi Elza Rəhimova, M.Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri Mehri Məmmədova və başqaları gözəl alim, qayğıkeş insan C. Nağıyeva haqqında ürək sözlərini demişlər.
Bildirilmişdir ki, C. Nağıyeva Azərbaycan dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsinin fars filologiyası şöbəsini bitirdiyi vaxtdan Əlyazmalar Fondunda (indiki Əlyazmalar İnstitutu) fəaliyyətə başlamışdır.
C. Nağıyeva XIX əsr Füzuli ədəbi-məktəbinin nümayəndəsi Heyran xanımın yaradıcılığını tədqiq etmiş, “Heyran xanımın həyat və yaradıcılığı” mövzusunda nəmizədlik dissertasiyası müdafiə etmişdir. Alim bütün elmi yaradıcılığı boyu Orta Asiyanın böyük mütəfəkkir şairləri Əlişir Nəvai, Əbdürrəhman Cami və başqalarının ədəbi irsini araşdırmış, Azərbaycan-özbək ədəbi əlaqələrinin inkişafına böyük töhfələr bəxş etmişdir. O, “Nəvai və Azərbaycan ədəbiyyatı (XV-XIX əsrlər)” mözusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Yaradıcılığı boyu 200-dən artıq elmi-tədqiqat əsəri, o cümlədən 21 kitab müəllifi olan alim, eyni zamanda elmimizin gələcəyi üçün də gərgin əmək sərf etmiş, gənc alimlərin yetişməsində köməyini əsirgəməmişdir.