ƏMƏKDAŞLIQ HAQQINDA MEMORANDUM İMZALANMIŞDIR
Nazir bildirmişdir ki, sənədin imzalanması Azərbaycanın nadir təbiətinin və bioloji müxtəlifliyinin qorunub saxlanılmasına daim diqqət yetirən ölkə Prezidentin Sərəncamı ilə həyata keçirilmişdir. Memorandumda Ümumdünya fondunun Azərbaycanda gələcək fəaliyyətinin əsas istiqamətləri müəyyən edilmişdir. Bununla əlaqədar qoruqlarda və digər xüsusi mühafizə olunan təbiət ərazilərində layihələr həyata keçiriləcək, səhralaşmanın qarşısını almaq uğrunda mübarizə aparılcaq, meşə ekosistemi bərpa ediləcək, flora və faunanın kökü kəsilməkdə olan ayrı-ayrı növləri, xüsusən bəbirlər və Qafqaz maralları qorunacaq, ekologiyaya dair qanunvericilik Avropa normalarına uyğunlaşdırılacaq, transsərhəd çaylara dair proqramlar gerçəkləşdiriləcəkdir.
Regional ofisi Tbilisidə yerləşən Ümumdünya Fondu il yarımdır ölkəmizdə layihələr həyata keçirir. Yeni sənəd təkcə Azərbaycan təbiətinin mühafizəsi sahəsində deyil, elmi informasiya mübadiləsi, məşğələ və simpoziumların təşkili sahəsində də qarşılıqlı münasibətlərin prinsipcə yeni səviyyəsinə çıxmağa imkan verəcəkdir.
Cənab Silven mərasimdə çıxış edərək, təbiəti mühafizə məsələlərinə diqqət yetirdiyinə görə Azərbaycan dövlətinin başçısı İlham Əliyevə təşəkkürünü bildirdi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətini yüksək qiymətləndirdi. O dedi ki, Ümumdünya Fondu Azərbaycanın bənzərsiz təbiətinin qorunması işində ekoloqlarımızla sıx əməkdaşlıq etmək niyyətindədir. Çünki Azərbaycanın füsunkar təbiəti təkcə ölkə vətəndaşlarının deyil, həm də bütün bəşəriyyətin sərvətidir.