Ər-Riyadda Novruz şənliyi keçirilib
Ər-Riyad, 25 mart, AZƏRTAC
Ər-Riyadda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliklərinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş “Bahar şənliyi və Xeyriyyə bazarı” adlı tədbir keçirilib.
Tədbirin açılışında təşkilatçı ölkələrin Səudiyyə Ərəbistanındakı diplomatik nümayəndəliklərinin rəhbərləri çıxış edərək, təbrik nitqləri söyləyiblər. Ölkəmizin Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev xalqımızın Novruz adət-ənənələrindən, bu qədim bayramın Azərbaycanda necə qeyd olunmasından, 2009-cu ildə Novruzun UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilməsindən və BMT Baş Assambleyasının 2010-cu il 23 fevral tarixli qərarı ilə 21 mart tarixinin Beynəlxalq Novruz Günü elan olunmasından danışıb. Daha sonra səfirlər türk dünyasının birliyinin simvolu olan “dəmir döyülməsi” mərasimində iştirak edib və Novruz tonqalının üzərindən tullanıblar.
Novruz şənliyində Krallıqda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, rəsmi şəxslər, Səudiyyə Ərəbistanının vətəndaşları və ölkədə yaşayan əcnəbilər, ictimai xadimlər və ziyalılar iştirak ediblər. Tədbirdə Azərbaycan milli musiqiləri səslənib, rəqslərimiz nümayiş olunub.
Səfirliyimiz tərəfindən ölkəmiz üçün ayrılmış guşədə xalqımızın adət-ənənələrini, tarix və mədəniyyətini əks etdirən jurnallar, Azərbaycanın görməli yerlərinin fotoşəkilləri, milli geyim və suvenirlər nümayiş etdirilib, qonaqlara milli mətbəximizin ləziz təamları təqdim olunub. Azərbaycan guşəsi tədbir iştirakçılarında böyük maraq doğurub.
Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinin kollektivi və ailə üzvləri, Krallıqda yaşayan həmvətənlərimiz Novruz şənliyində və xeyriyyə tədbirində yaxından iştirak ediblər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Ər-Riyad