Ərəb sammitində ərəb ölkələrinin gömrük birliyinin yaradılması barədə qərar qəbul olunub
Bakı, 21 yanvar, AZƏRTAC
Livanın paytaxtı Beyrutda keçirilən IV Ərəb İqtisadi və Sosial İnkişaf Sammitində ərəb ölkələrinin gömrük birliyinin yaradılması barədə qərar qəbul olunub.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, sammitdə ərəb ölkələrindən cəmi üç lider - Livan Prezidenti Mişel Aun, Qətər şeyxi Şeyx Təmim Bin Həməd Al Tani və Mavritaniyanın dövlət başçısı Mohamed Ould Əbdüləziz iştirak ediblər.
Sammitdən sonra Ərəb Liqası baş katibinin müavini Hüssam Zəki keçirdiyi mətbuat konfransında bildirib ki, müzakirələrdə ərəb ölkələrindən donorların və Ərəb Fondunun Suriyadan olan qaçqınların vəziyyətinin yaxşılaşdırılması üçün əlavə vəsaitlər ayırması məsələsi diqqət mərkəzində olub. Onun sözlərinə görə, Fələstin xalqının dəstəklənməsi, Qüds şəhərinin İsrailin paytaxtı elan edilməsi cəhdlərinin qarşısının alınması ətrafında da fikir mübadiləsi aparılıb.
Bir çox ərəb ölkələrinin sammitdə səfirlər səviyyəsində təmsil olunması Ərəb Liqasına daxil olan dövlətlərin həmrəyliyinin zəif olduğunun əlamətidir. 2011-ci ildə bu təşkilatda üzvlüyünü dayandıran Suriya və Liviya tədbirdə iştirak etməyiblər.
Sonuncu Ərəb sammiti 2013-cü ildə Səudiyyə Ərəbistanında keçirilmişdi.