Ermənilərin Xocalıda törətdikləri cinayət əməlləri Avstraliyada keçirilən etiraz aksiyalarında pislənmişdir
Bakı, 26 fevral (AZƏRTAC). Avstraliyanın müxtəlif şəhərlərində Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilmişdir. Bu barədə Azərbaycanın Avstraliyadakı səfirliyindən AZƏRTAC-a məlumat verilmişdir.
Səfirliyin dəstəyi ilə fevralın 25-də Kanberrada, 26-da isə Sidneydə məlumatlandırma-etiraz aksiyaları təşkil olunmuşdur.
Aksiyada Xocalı soyqırımı ilə bağlı faktları əks etdirən kitablar və broşürlər paylanmış, şəhər mərkəzlərində qurulan xüsusi stendlərdə faciənin necə qəddarlıqla törədilməsi barədə fotoşəkillər təqdim olunmuşdur. Tədbirdə, həmçinin Avstraliyada Xocalı soyqırımının tanınması məqsədilə imza toplanılmışdır.
Tədbirdə Avstraliyada təhsil alan azərbaycanlı tələbələr, Azərbaycan və türk icmasının üzvləri, səfirliyin əməkdaşları və başqaları iştirak etmişlər.
Kanberrada təşkil olunan aksiyada Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşidov da iştirak etmişdir.
Sidney şəhərində fəaliyyət göstərən “Azərbaycanın səsi” radiosu Xocalı soyqırımı ilə bağlı xüsusi veriliş hazırlamışdır. Proqramın rəhbəri Gülzar Qasımovanın təqdimatında efirə gedən verilişdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, ermənilərin dinc azərbaycanlılara qarşı törətdikləri qətliamlar, Xocalı soyqırımının dünyada tanınması istiqamətində görülən işlər və s. mövzularda söhbət aparılmışdır.