SİYASƏT
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün qurbanı olan uşaqlar dünya üçün bir çağırışdır
Bakı, 13 noyabr (AZƏRTAC). Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) daimi nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva qurumun sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin İsveçrənin Cenevrə şəhərində keçirilən iclasında iştirak edir.
AZƏRTAC xəbər verir ki, noyabrın 12-də keçirilən iclasda çıxış edən Sevinc Fətəliyevanın “Avropada uşaq yoxsulluğu” mövzusunda məruzəsi komitə üzvlərinə təqdim edilmiş və bəyənilmişdir. Məruzə üzrə iş 2014-cü ildə davam etdiriləcək və növbəti iclaslarda daha ətraflı müzakirə olunacaqdır.
Noyabrın 13-də Avropa Şurasının sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsi çərçivəsində uşaqlara qarşı zorakılıqla mübarizə kampaniyasına həsr olunmuş iclasda S.Fətəliyeva “Uşaqlara qarşı cinsi zorakılığa aid tabuların dağılması” mövzusunda təqdimatla çıxış etmişdir. O, “Müharibə və münaqişə zamanı uşaqlara qarşı zorakılıq” mövzusunun müzakirəsində iştirak edərək azərbaycanlı uşaqların erməni faşistləri tərəfindən hansı dəhşətlərlə üzləşmələri haqda məlumat vermişdir.
Bildirilmişdir ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan artıq azərbaycanlının hüquqları kobud şəkildə pozulmuşdur. Ermənistanın hərbi təcavüzü nəticəsində minlərlə insanın həyatına son qoyulmuş, körpə uşaqlara qarşı vəhşiliklər törədilmişdir. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamə qəbul olunmasına baxmayaraq, onların heç biri indiyə qədər icra olunmamışdır. Bu vəziyyət Azərbaycanda uşaq hüquqlarının kütləvi şəkildə pozulmasına gətirib çıxarmış və bu təhdid bu gün də davam etməkdədir. Müharibə edən tərəflərin hərbi əməliyyatların gedişində qadınlara və uşaqlara qarşı törətdikləri insanlıqdan kənar davranış cinayətkar əməl hesab edilir. Ermənistan Azərbaycan vətəndaşlarının beynəlxalq hüquqla tanınan insan hüquq və azadlıqlarını sistemli şəkildə və qeyri-insani formada kütləvi surətdə pozur.
Qeyd olunmuşdur ki, bu gün də Dağlıq Qarabağ münaqişəsinin davam etməsi uşaq hüquqlarının etibarlı müdafiəsi üçün ciddi problemlər yaradır. İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində beynəlxalq çağırışlar regionda baş verən faciəvi hadisələr kontekstində ümidsiz görünür.
S.Fətəliyeva diqqətə çatdırmışdır ki, Ermənistan beynəlxalq birliyin üzvü olsa da, üzərinə götürdüyü öhdəliklərə, xüsusilə də BMT-nin məlum dörd qətnaməsinin icrasına əməl etmir. O demişdir: “Hər bir uşaq sevinc və sülh içində yaşayaraq böyüməlidir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün qurbanı olan uşaqlar dünya üçün bir çağırışdır. Dünya birliyi erməni təcavüzünə son qoyulması üçün rəsmi Yerevana təzyiq göstərməlidir.