SİYASƏT
ERMƏNİSTANLA TÜRKİYƏ ARASINDA SƏRHƏD AÇILMAYACAQDIR
Nazirlər öz bəyanatlarında təkbətək və heyətlərarası görüşlər zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələrinin həyata keçirilməsi və digər məsələlər barədə apardıqları müzakirələrdən danışmışlar.
Daha sonra onlar mətbuat nümayəndələrinin suallarını cavablandırmışlar. Türkiyənin xarici işlər naziri Abdullah Gül AZƏRTAC-ın xüsusi müxbirinin sualına cavab vermişdir:
SUAL: Türkiyə hər zaman Azərbaycanı dəstəkləmişdir. Bir neçə gün əvvəl Azərbaycanın Baş naziri İlham Əliyevin işgüzar səfəri zamanı prezident Əhməd Necdət Sezərlə, baş nazir Rəcəb Tayyib Ərdoğanla və Sizinlə keçirilmiş görüşlərdə bu dəstək bir daha ifadə olunmuşdur. Adətən, belə yüksək səviyyəli və uğurlu səfərlərdən sonra ortaya bir sıra şayiələr və iddialar atılır. Ermənistanın müdafiə naziri Serj Sarkisyan öz müsahibəsində yaxın zamanlarda Türkiyə ilə Ermənistan arasında sərhədin açılacağını söyləmişdir. Bu barədə nə deyə bilərsiniz?
CAVAB: Bu, həqiqətə uyğun deyildir. Biz Dağlıq Qarabağ münaqişəsini Madriddə açıq şəkildə müzakirə etmişik və bu yaxınlarda Nyu-Yorkda da müzakirə edəcəyik. Mən bəyanatımda da xüsusi vurğuladım ki, biz bu münaqişənin həllinə kömək göstərmək istəyirik. Çünki bölgəmizdə əmin-amanlıq, sülh hökm sürərsə, o zaman zənginlik və rifah da olacaqdır.