DÜNYA
Estoniya Roma Papasını qarşılamağa hazırlaşır
Tallinn, 5 sentyabr, AZƏRTAC
Roma Papası Fransiskin sentyabrın 25-də Estoniyaya səfəri zamanı Tallinin mərkəzindəki Azadlıq meydanına əvvəlcədən qeydiyyatdan keçmiş 7 mindən 10-dək insan buraxılacaq.
AZƏRTAC xəbər verir ki, qeydiyyat sentyabrın 15-dək açıqdır. “Hazırda iştirak etmək istəyənlərə yer çatmayacağı qorxusu yoxdur”, - deyə Roma Katolik kilsəsinin Estoniyadakı nümayəndəsi Marqe-Mari Paas mətbuat konfransında söyləyib.
Messanın təşkilinə məsul olan Vodzislav Şepanik ata deyib ki, Messanın birinci hissəsi üçün Müqəddəs kitabdan ayələr oxunacaq və Papa danışacaq. İkinci hissədə tədbirdə iştirak edən katoliklər priçastiye alacaqlar.
Messaya gələn hər kəsə onun müxtəlif aspektlərini izah edən bukletlər, habelə özünü aparmaq barədə təlimat paylanılacaq. Bukletdə və təlimatda yazılanları ziyarət zamanı smartfon istifadəçiləri internetdə də oxuya bilərlər.
Hazırda tamaşaçıların meydandan messanı izləyə bilməsi üçün orada böyük ekranların quraşdırılması barədə Tallin hökuməti ilə danışıqlar aparılır.
“Ziyarətə gələnlərin sayı müəyyən dərəcədə havadan asılı olacaq”, - deyə Paas bildirib. O vurğulayıb ki, müqəddəs messa konsert və ya şou deyil. Bunu keçirəcək Papa isə hər şeydən əvvəl dini liderdir.
Roma Papası Fransiskin Tallinə gəlişi onun Baltik ölkələrinə səfərinin bir hissədir. O, Kadriorqda Estoniya Prezidenti Kersti Kalyulayd, hökumətin üzvləri, vətəndaş cəmiyyətinin nümayəndələri və diplomatik korpusun təmsilçiləri ilə görüşəcək. Roma Papası Fransisk, həmçinin Kaarli kilsəsində gənc xristianlarla, Tallinin müqəddəs Pyotr və Pavel kilsəsində isə kilsə yardımı alanlarla görüşəcək.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn