MƏDƏNİYYƏT
“Euronews”: Bakı müasir tikililəri ilə sürətlə inkişaf edir VİDEO
Bakı, 17 iyun, AZƏRTAC
“Euronews” telekanalı növbəti dəfə Azərbaycan haqqında veriliş yayımlayıb. Telekanal “Açıqcalar” silsiləsinin növbəti buraxılışını paytaxt Bakının ayrılmaz hissəsi, turistlərin diqqətini hər zaman özünə cəlb edən İçərişəhərə həsr edib.
AZƏRTAC xəbər verir ki, Euronews”un müxbiri Simus Kerni reportajı bu sözlərlə başlayır: “Şəhər müasir tikililəri ilə sürətlə inkişaf edir, lakin İçərişəhər xarici turistlər və yerli sakinlər arasında populyarlığını itirmir”.
Müəllif Avropa tamaşaçısının diqqətinə çatdırır ki, İçərişəhərdəki tikililər ən azı XII əsrdə inşa edilib və onlar müxtəlif mədəni təsirlərə məruz qalıb. Lakin ən maraqlı məqam burada yerləşən Qız qalasının hansı məqsəd üçün istifadə olunması ilə bağlıdır. Bu qala gözətçi məntəqəsi, yaxud məbəd olub? Ekspertlərin bununla bağlı fərqli baxışları var.
Müəllif bildirir ki, İçərişəhərdə Qərb və Şərq memarlıq üslublarının vəhdətini görmək olar. Tez-tez açıq muzey də adlandırılan qədim İçərişəhər 2000-ci ildə UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil edilib.
Jurnalist reportajını bu sözlərlə yekunlaşdırır: “Bakı çox böyüyüb, lakin çoxları deyir ki, şəhərin bu tarixi hissəsi hər zaman paytaxtın mərkəzi olaraq qalacaq”.