İQTİSADİYYAT
Ev telefonları vasitəsilə MMS xidməti tətbiq edilir
Bakı, 9 yanvar (AZƏRTAC). Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Aztelekom” İstehsalat Birliyi (İB) ümumi istifadədə olan telefonlar vasitəsilə multimedia ismarıclarının (MMS - Multimedia Messaging Service) göndərilməsi şəbəkəsini işə salacaqdır.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, yeni şəbəkə kontent-provayderlərə stasionar telefonlara multimedia fayllarını çatdırmağa imkan verəcəkdir. Artıq bazarda SMS və MMS məlumatlarının göndərilməsi funksiyasını dəstəkləyən simsiz ev telefonları təqdim edilmişdir.
Hazırda “Aztelekom” stasionar şəbəkəsinin abunəçiləri qısa ismarıcların (SMS) göndərilməsi şəbəkəsindən istifadə edə bilirlər. Operatorun SMS-lərin göndərilməsi xidmətindən 2011-ci ildə əldə etdiyi gəlirlər 160 min manatı ötmüşdür.
Dövlət operatorunun qısa ismarıcların göndərilməsi üzrə xidməti 2009-cu ildə “Aztelekom” və GSM-operatorlar (Azercell, Bakcell, Azerfon) arasında bağlanan saziş əsasında istismara verilmişdir.