FƏLSƏFƏ VƏ SİYASİ-HÜQUQİ TƏDQİQATLAR SAHƏSİNDƏ İLK HEYDƏR ƏLİYEV MƏKTƏBİ YARADILMIŞDIR
Konfransı giriş sözü ilə açan institutun direktoru professor Yusif Rüstəmov ulu öndər Heydər Əliyevin xalqımız qarşısında əvəzsiz xidmətlərindən, Azərbaycan tarixindəki rolundan danışmışdır.
İnstitutun elmi işlər üzrə direktor müavini, hüquq elmləri doktoru Bəhram Zahidov ümummilli liderin siyasi-hüquqi fəaliyyətindən, Azərbaycanda qəbul edilmiş Konstitusiyaların, hüquqi aktların hazırlanmasında və qəbul edilməsində bu böyük şəxsiyyətin şəxsi xidmətlərindən bəhs etmişdir. O, bütün bunları əks etdirən elmi materialların toplanıb Heydər Əliyev Fonduna təqdim edilməsini, dahi siyasi xadimin çoxcəhətli fəaliyyəti ilə bağlı gənc aspirant və dissertantlara tədqiqat mövzularının təsdiq olunmasını müsbət qiymətləndirmişdir.
Fəlsəfə elmləri doktorları Əlikram Tağıyev, Azər Mustafayev, Adil Əsədov, hüquq elmləri namizədi Mirələm Seyidov, aparıcı elmi işçi Habil Həmidov ümummilli lider Heydər Əliyevin fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə edən məruzələrlə çıxış etmişlər.
Elmi işçi, əmək veteranı Məmmədağa Sərdarov ulu öndərlə bağlı xatirələrini söyləmişdir.
İnstitutun araşdırdığı problemlər sırasında Heydər Əliyevin həyat və fəaliyyətinin, o cümlədən siyasi-dövlətçilik təcrübəsinin geniş tədqiqi üçün məktəbin yaradılması mühüm hadisə kimi qarşılanmışdır.