“FƏLSƏFƏ VƏ SOSİAL-SİYASİ ELMLƏR” JURNALININ BUİLKİ İLK NÖMRƏSİ ÇAPDAN ÇIXMIŞDIR
Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının (AFSEA) nəşr etdiyi “Fəlsəfə və sosial-siyasi elmlər” jurnalının builki ilk nömrəsi çapdan çıxmışdır.
Bu nömrə yubiley materialları ilə zəngindir. Aprelin 17-də AFSEA-nın prezidenti, jurnalın Redaksiya Şurasının sədri, akademik Ramiz Mehdiyevin 70 yaşı tamam olur. Bununla əlaqədar, jurnalda müasir Azərbaycanda ictimai-siyasi və fəlsəfi elmlərin hazırkı səviyyəyə qalxmasında müstəsna xidmətləri olan görkəmli alim, ictimai elmlərin alternativsiz lideri və dövlət quruculuğu, qloballaşma, demokratik inkişaf modelləri, milli münasibətlər sahəsində, habelə milli ideya və ideologiya ilə bağlı bir sıra fundamental elmi tədqiqat əsərlərinin müəllifi olan yubilyara Redaksiya Şurası adından təbrik dərc edilmişdir. Jurnalda akademik Ramiz Mehdiyevin “Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti” məqaləsi və bununla bağlı professor Səlahəddin Xəlilovun “Strateji inkişaf yolunun fəlsəfi əsasları” adlı rəyi verilmişdir.
Digər üç yubilyar isə uzaq Amerikanın nümayəndələridir. İslam fəlsəfəsinin tanınmış tədqiqatçısı, dünya şöhrətli alim Seyyid Hüseyn Nəsrin 75 illiyi, Redaksiya Şurasının üzvü, Ümumdünya Fenomenologiya İnstitutunun direktoru, Azərbaycan fəlsəfi fikrinin beynəlxalq miqyasda tanıdılmasında böyük xidmətləri olan professor Anna-Tereza Timineçkanın 85 illiyi və ərəb məhcər ədəbiyyatının görkəmli nümayəndəsi Cübran Xəlil Cübranın isə 125 illik yubileyi münasibətilə məqalələr, onların əsərlərindən hissələr dərc olunmuşdur.
Jurnalın beynəlxalq əməkdaşlaq meridianları genişləndikcə, bir sıra xarici ölkələrdən redaksiyaya daxil olan məqalələr digər ölkələrdə fəlsəfi tədqiqatların mövzu və metodları haqqında təsəvvürləri də genişdəndirir. İngiltərədən professor David Evansın göndərdiyi məqalə fəlsəfənin tədqiqatçılıq və maarifçilik funksiyalarını birləşdirmək baxımından səciyyəvidir. Alim beynəlxalq miqyasda fəlsəfə üzrə olimpiadaların keçirilməsi praktikasından yazır və xaricdə fəlsəfəyə marağın getdikcə artdığını vurğulayır. Bu cəhət Azərbaycanda da fəlsəfəyə münasibətin yenidən formalaşdırılmasına ehtiyac olduğunu göstərir.
Ənənəvi olaraq, jurnalda Türkiyə filosoflarının məqalələri çap edilir. Türkdilli ölkələrin təhsil sistemlərinin əlaqələndirilməsi problemləri ilə yanaşı, fəlsəfi fənlərin tədrisində də əməkdaşlığa böyük ehtiyac vardır. İstanbul Universitetinin professoru Ş.Teoman Duralının “Nəfs, ruh və ağıl kontekstində əxlaq” adlı məqaləsi ənənəvi Şərq fəlsəfi probleminin müasir nəzəriyyələr kontekstində yenidən araşdırılmasına gözəl nümunədir. Digər türk tədqiqatçısı doktor Sənail Özkan Almaniyada təhsil almış və alman fəlsəfəsinə dərindən bələd olan görkəmli mütəxəssis olmaqla yanaşı, Azərbaycan fəlsəfi fikrinin Türkiyədə yayılması istiqamətində də fəal iş görür. Onun F.Nitsşe haqqındakı original məqaləsi oxucular üçün maraqlı olacaqdır.
Jurnalda ənənəvi olan “Fəlsəfi etüdlər”, “Tərcümələr”, “Yeni nəşrlər” rubrikaları da davam etdirilmişdir. Bu nömrədə H.Korbinin “Şiə məfkurəsi” əsərinin tərcüməsinin davamı verilmiş, C.X.Cübranın iki məqaləsi Azərbaycan dilində dərc olunmuşdur.