“FƏLSƏFƏ VƏ SOSİAL-SİYASİ ELMLƏR” JURNALININ NÖVBƏTİ NÖMRƏSİ ÇAPDAN ÇIXMIŞDIR
Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası (AFSEA) tərəfindən nəşr olunan “Fəlsəfə və sosial-siyasi elmlər” jurnalının cari ildə ikinci nömrəsi işıq üzü görmüşdür.
AZƏRTAC xəbər verir ki, jurnalın bu nömrəsi müasir Azərbaycan dövlətinin banisi, dərin fəlsəfi fikirləri ilə seçilən mütəfəkkir siyasi xadim Heydər Əliyevin 85 illik yubileyinə həsr edilmişdir.
Jurnala ön söz yazan AFSEA-nın prezidenti, Redaksiya Şurasının sədri akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi, Heydər Əliyev hər bir azərbaycanlının xatirəsində dərin iz buraxmışdır, lakin onun haqqında hisslər, xatirələr və təəssüratlarla yanaşı, nəzəri təfəkkür səviyyəsində ümumiləşdirilmiş araşdırmalara da böyük ehtiyac vardır. Jurnalda elmi səciyyəsi və fəlsəfi yönümü ilə seçilən tədqiqat işləri oxucuların diqqətinə çatdırılmaqla nəzəriyyə ilə təcrübənin vəhdəti önə çəkilmişdir. Məqsəd bu dahi şəxsiyyətin 85 illik yubileyini qeyd etməklə yanaşı, müasir Azərbaycan fəlsəfi fikrinin çox mühüm istiqamətlərindən biri olan siyasi fəlsəfənin və politologiya elminin nailiyyətlərini də qeyd etmək, keçid dövründə Azərbaycanda siyasi özünüdərk prosesi haqqında təsəvvür yaratmaqdır.
Jurnalın bu nömrəsində Azərbaycan Respublikası Prezidenti İcra Aparatının rəhbəri, aka¬demik Ramiz Mehdiyevin “Heydər Əliyev təlimi: dövlətçilik və azərbaycançılıq”, Prezidentin İcra Aparatı ictimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun “Heydər Əliyev simasında xarizmatik liderin səciyyəvi cəhətləri”, Naxçıvan Dövlət Uni¬ver¬si¬te¬tinin rektoru, akademik İsa Həbibbəylinin “Heydər Əliyevin dövlətçilik təlimi və müasir gerçəklik”, Mil¬li Məclisin deputatı Mübariz Qurbanlının “Heydər Əliyev və Azərbaycanın milli ideologiyası”, BDU-nun professoru, əməkdar elm xadimi Şahlar Əsgərovun “Heydər Əliyev fəlsəfəsi və yeni milli ideya”, Azər¬baycan Universitetinin ümumi iqtisadiyyat kafedrasının müdiri Dünyamalı Vəliyevin “Heydər Əli¬yev Azərbaycanda siyasi-iqtisadi sabitliyin və yeni cəmiyyət quruculuğunun memarıdır”, AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilovun “Heydər Əliyevin fikir dünyasında “milli dövlət” və “döv¬lət¬çilik” ideyaları” məqalələrində Heydər Əliyevin ideya-siyasi və fəlsəfi irsi müasir cəmiyyətşünaslıq problemləri kontekstində araşdırılmışdır. Bu tədqiqatlar Azərbaycanda Əliyevşünaslığın müstəqil tədqiqat istiqaməti kimi formalaşması və inkişafında xüsusi əhəmiyyətə malikdir.
Jurnalda, həmçinin müasir fəlsəfənin digər aktual problemlərinə də yer verilmişdir. Milli Məclisin komissiya sədri, fəlsəfə elmləri doktoru Rəbiyyət Aslanovanın milli intellektual elita haqqında, tanınmış türk filosoflarından professor Kənan Gürsoyun mədəniyyətlərin inkişafında Qərb-Şərq dixotomiyasına dair məqalələri qloballaşma şəraitində milli mədəniyyətlərin qorunması və inkişaf tendensiyalarını əks etdirir.
Digər məqalələrdə çağdaş siyasi proseslər, “humanitar müdaxilə”, “qlobal güc mərkəzləri” və s. bu kimi prob¬lemlər fəlsəfi aspektdə tədqiq edilmişdir.
######
