FHN-in Cənub Regional Mərkəzində təlim keçirilib
Bakı, 16 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi tərəfindən “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda təlim keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən nəqliyyat qəzaları zamanı deformasiyaya uğrayan avtomobildən zərərçəkmişlərin təxliyə edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlim zamanı xilasedicilər tərəfindən şərti nəqliyyat qəzası zamanı deformasiyaya uğramış avtomobildən “zərərçəkmişlər” xilas edilərək təxirəsalınmaz ilkin yardım göstərilib.
Uğurla keçirilən təlimin sonunda əldə olunan nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.